EN

Mexiko vedrə ilə su gəzir, biz suyu “çay aşağı” axıdırıq  

Səhər xəbərlərində dedilər ki, Meksikanın paytaxtı Mexiko susuz qalıb, camaat Yardımlının Separadi kəndinin sakinləri kimi, əllərində vedrə su gəzirlər...

Durub işə doğru yol alanda baxdım ki, Xətai rayonu, general Mehmandarov 72-nin yuxarı tini ilə üzü Zığ şossesinə doğru “çay” axır. Suyun gələn vaxtı, hardansa sızıntı olduğu üçün sellənib e üzü aşağı. Ətrafdakılar dedilər, neçə gündür belədir...

Bir avtobusluq sərnişin yerinə bir vaqon sərnişin dolduran 40 saylı marşrutla yola davam etdik, “su içində”. İllər boyunca təmizlənmədiyi üçün toz səpən kondisioner də istilik saçır, adamı “cin atına mindirir”. Neçə dayanacaqda sərnişin-sürücü mübahisəsi, qanqaraldıcı söhbətlər, səhəri gülərüzlə açmaq əvəzinə, bir-birini didməyə hazır olan məmləkət insanı...

Nə isə... Yolboyu saytlardan xəbərlərə göz gəzdirdim.

Musavat.com-dan oxudum ki, Meksika tək deyilmiş, xeyli şəhəri susuzluq fəlakəti gözləyir. Siyahı da verilib:

33 milyon əhalisi olan Dehli (Hindistan);

- 21,5 milyon əhalisi olan Pekin (Çin);

- 14 milyon əhalisi olan Lahor (Pakistan);

- 10,6 milyon əhalisi olan Cakarta (İndoneziya);

- 9,5 milyon əhalisi olan Qahirə (Misir);

- 7,1 milyon nəfər əhalisi olan Boqota (Kolumbiya);

- 5,5 milyon əhalisi olan Yohannesburq (Cənubi Afrika);

- 3,3 milyon əhalisi olan Əl-Küveyt (Küveyt);

- 2,4 milyon əhalisi olan Beyrut (Livan);

- 1,7 milyon əhalisi olan Maskat (Oman);

- 235 min nəfər əhalisi olan Limassol (Kipr).


Elə bu kimi xəbərlərə başım qarışmışdı ki... “Xalqlar Dostluğu” metrostansiyası tərəfdən “Laçın”adək (Univermağadək) daha bir sellə qarşılaşdım...Ancaq deyəsən, bu “sel” o seldən deyildi, qoxu da yayılmışdı. Amma kimsənin vecinə deyildi. Qəssab öz işində, dükançı malını vitrinə düzür, “5-i bir manata” şəkərbura satan üçün də sanki “dünya 5 günlük"dür. Nə qutab bişirən bu mənzərədən narahat görünür, nə də gəlin maşınlarını bəzəyən...Dayanacaqdakı adamlar prospektlə şütüyən avtobus və avtomobillərin təkərlərindən sıçrayan naməlum suyun onlara “bəxş etdiyi”ndən də sanki xəbərsizdirlər. Avtobuslardan enən piyadalar da “çay”ı daha ensiz yerdən adlamaq, metrostansiyaya enmək üçün daha uyğun yer arayırlar. Təbii ki, hamısı yox, dikdabanlı sərnişinlərin “Araz aşığındandır, Kür topuğundan”.

Dəqiq deyən olmadı bu “sel” hardan, niyə, nə vaxtdan gəlir...Yəqin ki, parkın sağ böyrü ilə üzü aşağı şəhərə doğru irəliləyəcək bu gedişlə, bəlkə də artıq “mənzilbaşına” yetişib. Amma bu qədər məsafə qət eləməyinə rəğmən, kimsə onun “iz”ində deyil, heç olmasa gözdən pərdə asmaqdan ötrü ortada görünən, “işləyirik” görüntüsü yaradan yoxdur, eynilə əvvəlki selə münasibətdə olduğu kimi...Axı, antisanitariyadır, axı, asfalt örtüyünü yeyib-dağıdır boşuna axan su və ya kanalizasiya...COP29 ilidir e, anlayırsınız, səlahiyyətlilər!

Bu, nə biganəlik, nə məsuliyyətsizlik, anlamaq olmur? Axı, məntiqlə yaşayış binasına məxsus olan hansısa qəza ilə bağlı ərazidəki sakin(lər), MİS heyəti, icra, bələdiyyə...daha kimlər, üstəlik də ərazidə obyektlər işlədən şəxslər hansısa tədbir demirəm, hərəkət etməlidirlər. Doğrudanmı bu mənzərə hamının ürəyincədir və heç kəsi narahat eləmir? Yeri gəlmişkən, bu il bələdiyyə seçkiləridir, heç olmasa bələdiyyə seçkiləri xətrinə bələdiyyələr üzə çıxsınlar, bu ölkəyə aid olduqlarını ara-sıra nümayiş etdirsinlər. Haradadırlar?! Hə, mənzillərin qapısına xəbərdarlıq qoyurlar, bu barədə çox eşidirik. Heç bir fəaliyyəti olmayanlar, hətta tullantıları da başqalarına daşıtdıranlar, “JEK” işçilərinə həyət-bacanı, yolu izi süpürtdürənlər aylıq alırlar, ödəməyənlərdən üstəlik faiz qoparırlar,qanunvericiliyin tələbinə istinadən. Yaxşı, bəs vətəndaşın maraqları tələb edən yerdə niyə özlərinə cərimə+faiz yazmırlar?

Belə olmaz, yoldaşlar! Axı, qlobal su böhranı yaşanır. Dövlət rəhbərliyi də bir çox hallarda bu məsələyə diqqət çəkib, hətta Xəzər dənizinin suyunun təmizlənməsi və əhaliyə verilməsi planı da mövcuddur perspektivdə. Dövlətimiz hətta Qarabağdan paytaxta su kəməri çəkilməsini planlaşdırır. Bakıda bir çox ərazilər su böhranı yaşayır. Heç olmasa səhər-axşam qrafiki ilə verilən suyun qədir-qiymətini bilək. Biz sudan maksimum qənaətlə istifadəni nəhayət, öyrənməliyik, dünyada su müharibələrinin olacağına artıq şübhə edənlər azdır. Belə olduğu halda niyə dövlətin sərvəti “sel aşağı” axmalıdır? Kiminsə sayğacda borcu olan kimi kəsdirirlər başının üstünü. Bəs hansısa borudakı sızıntının selə dönməsinə niyə biganə münasibət var?

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
musavat.com

1Sources