EN

Xarkova uğursuz HÜCUM: Atəşkəs, yoxsa müharibənin davamına hazırlıq?

“Rusiyanın Xarkov istiqamətində hücumu uğursuzluğa düçar oldu. Bunu hətta bir çox Z-blogerlər də dolayısı ilə etiraf edirlər. Belə nəticə gözlənilən idi və o, heç də təkcə Ukrayna ordusuna yeni silahların verilməsi ilə bağlı deyil. Rusiya ordusunun uğursuzluğunun arxasında korrupsiya, ordu sıralarındakı başıpozuqluq, təchizatın acınacaqlı durumu, ordudakı ifrat kriminallaşma tendensiyaları və digər daxili səbəblər dayanır”.

Medianews.az xəbər verir ki, bu barədə politoloq Ərəstun Oruclu bildirib.

O qeyd edib ki, Rusiyanın Xarkov istiqamətində hücumunun uğursuz alınmasının digər mühüm səbəbi siyasi hakimiyyətin ordunu və onun rəhbərliyini özünə potensial rəqib kimi görməsidir.

Politoloqun qənaətincə, Rusiya ordusu bu gün müharibə aparan ölkənin silahlı qüvvələrindən daha çox siyasi alət rolunda görünür: “Bunun tipik nümunəsi ordu rəhbərliyinə 20 ildən artıqdır ki, silahlı qüvvələrə heç bir aidiyyəti olmayan şəxslərin təyin edilməsidir. Bu da o deməkdir ki, Kreml ordunun döyüş qabiliyyətinə yox, onun siyasi loyallığına üstünlük verir. Şübhəsiz ki, belə kriteriyalar üzrə dəyərləndirmə ordunun döyüş qabiliyyətinə təsirsiz ötüşmür. Hazırda havada üstünlük əsasən Rusiyanın tərəfində olsa da bu, özünü müharibənin ümumi nəticələrində göstərə bilmir. Halbuki Rusiya ordusu həmin üstünlüyü də yaxın aylarda itirə bilər”.

Ə.Oruclu onu da əlavə edib ki, Ukraynaya veriləcək hərbi təyyarələr hər bir halda Rusiyanın aviaparkından geriliyi aradan qaldırmaq gücündə olmayacaq: “Burada bir tək kəmiyyət həlledici rol oynamır. Əsas amillər ordunun mənəvi-psixoloji durumu, silah və sursatdan səmərəli istifadə, hərbi əməliyyatların idarə edilməsi və logistikanın lazımi səviyyədə təşkil olunmasıdır. Sadalanan bütün bu amillər üzrə isə Rusiya ordusu heç də Ukrayna silahlı qüvvələrindən üstün vəziyyətdə deyil. Əksinə, onların bir çoxu üzrə Ukrayna ordusunun vəziyyəti daha ümidvericidir. Amma güclər hər bir halda bərabər deyil. Bütün bunlar göstərir ki, Rusiya-Ukrayna müharibəsi hələ xeyli davam edəcək və yüksək ehtimalla hansısa məqamda atəşkəs rejiminə keçəcək. Atəşkəs isə müharibənin sonu yox, onun davamına hazırlıq deməkdir”.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
medianews.az

1Sources