EN

“Udineze” Fabio Kannavaro ilə yollarını ayırdı -

“Udineze” “zebrciklər”i mövsümün yekunları üzrə A Seriyasında saxlamağı bacarmış italyan mütəxəssis Fabio Kannavaro ilə yollarını ayırıb.

Arena.az bu barədə “Udineze”nin rəsmi saytına istinadən məlumat verir.

İtalyan mütəxəssis bu xəbərə özünün sosial şəbəkə hesabı üzərindən qarşılığını bildirib:

“Prezident Campaolo Potso bu gün mənə klubun peşəkar əlaqələrimizi davam etdirməmək qərarı barədə məlumat verdi.

Mənə fürsət verdiyinə görə ona təşəkkür edirəm, çempionatın son ay yarımı ərzində bizi böyük vəzifənin öhdəsindən gəlməyə aparan bu qısa, amma gərgin səyahəti isə davam etdirə bilməyəcəyimə görə təəssüflənirəm.

Bu macəranı Friulidə, xalqı kimi ürəyimə girmiş bir diyarda davam etdirmək, istəyim idi. Bu səbəbdən qeyd-şərtsiz hər şeyimi verdim. “Udineze” klubuna, futbolçularına və əntiqə azarkeşlərinə uğurlar arzulayıram”, Kannavaro paylaşıb.

Xatırladaq ki, Fabio Kannavaro “Udineze”nin sükanı arxasında həmvətəni, italyan mütəxəssis Qabriele Çoffini (Çoffi) əvəzləmişdi. 50 yaşlı Kannavaro Aprel ayında çalışdırmağa başladığı “zebrciklər”i İtaliya A Seriyasında saxlaya bilmişdi.

“Udineze” İtaliya A Seriyasının 2023/2024-cü illər mövsümünü 37 xalla 15-ci pillədə başa vurub.

Kannavaro “Udineze”ni bütövlükdə 6 oyuna çıxarıb, 2 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət yaşayıb. Topların fərqi isə 7:5 nisbətindədir.

Xatırladaq ki, Fabio Kannavaraonun kiçik qardaşı Paolo onunla birlikdə, “Udineze”də, baş məşqçinin köməkçisi vəzifəsində çalışırdı. 42 yaşlı Paolo Kannavaronun da istefaya göndəriləcəyi təxmin edilir.

İtaliya mətbuatı “Udineze”nin Fabio Kannavaro ilə bihörmət davrandığı qənaətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
arena.az

1Sources