EN

Türkiyədə istedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq

Türkiyədə

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 27-də İstanbul Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin isə 100-cü ildönümü münasibətilə istedadlı rəssam Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılacaq və “Eldəniz Babayev. Zəfər müjdəsi” adlı kitab-kataloqun təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sərgidə əsasən portret, natürmort, məişət və tarixi janrlarda olan və təqribən yetmişə qədər bоyakarlıq və qrafika əsərləri nümayiş olunacaq. Sərgidə Azərbaycanın Vətən müharibəsində qazandığı misilsiz qələbə, “Bir millət, iki dövlət” ifadəsinin aktuallığını açıqlayan, Azərbaycan –Türkiyə dоstluğunu tərənnüm edən, həmçinin xalqımızın məişətini, adət-ənənələrini, mədəniyyətini vəsf edən təsviri sənət nümunələri nümayiş olunacaq.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də Azərbaycanın müstəqillik qazanması uğrunda müstəsna rol oynamış Azərbaycan və Türkiyə hərbi komandanlarının portretləri də yer alacaq.

Tədbir Azərbaycanın İstanbuldakı Baş Konsolluğunun, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un, Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Atatürk Mərkəzinin, Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Rəssamlar Birliyinin, Bakı Rəsm Qalereyasının və “Yeni Gallery” Bakı Sənət Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
2
azertag.az

3Sources