EN

Təcili tibbi yardım təcili gəlməyəndə...

Ölkənin müxtəlif bölgələrində, xüsusən də Bakıda təcili tibbi yardım maşınlarının azlığı müzakirə mövzusu olaraq qalmaqdadır. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da bu problemə toxunub və qeyd edib ki, Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər. Millət vəkili qeyd edib ki, Bakıda cəmi 139 təcili tibbi yardım maşını fəaliyyət göstərir. Bu da çox azdır. Bəs bu problemin həlli istiqamətində planlar varmı?

Təcili yardım stansiyaları yenidən təşkil olunur?

TƏBİB-dən bildirildi ki, hazırda təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur. Birliyin Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Hazırda əvvəllər qeyd olunan müəssisələr üzrə çalışan kadrların yeni mərkəzin strukturuna uyğun şəkildə yerləşdirilməsi prosesi təmin edilir.

Gündəlik neçə ambulans xəttə buraxılır?

TƏBİB-in məlumatına əsasən, mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bütün ölkədə icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 təcili tibbi yardım avtomobili alınaraq ehtiyaca uyğun olaraq periferiya üzrə paylanılması təmin edilir. Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır.

Sistem yüklənmiş formada çalışır

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli problemin əsas səbəblərindən birini Bakıda, ümumiyyətlə Abşeron yarımadasında əhalinin sayının artım tempinin yüksək olması ilə əlaqələndirir: “Təcili tibbi yardım sistemi həm çağırışların sayı, həm də iş həcminə görə kifayət qədər yüklənmiş formada çalışır. Pandemiya və ondan sonrakı dövrdə yeni ambulansların alınması həyata keçirilib və bu sayın artırılması gündəmdədir. “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” də prosesin təşkili üçün yaradıldı. Bu, həm sistemin bir mərkəzdən idarə edilməsinə, həm də xidmətin daha yüksək səviyyədə təşkil olunmasına gətirib çıxaracaq”.

Millət vəkili düşünür ki, yaxın zamanlarda xidmətin keyfiyyətinin daha da yüksəlməsinin şahidi olacağıq: “Sistem nəqliyyat vasitələrindən səmərəli istifadəni də yaxşılaşdıracaq. Nə qədər yük götürməlidir? Hansı bölgədə daha çox ehtiyac var? Bunun statistikası aparılacaq və işi düzgün planlamaq mümkün olacaq. Həmçinin, kadr potensialı baxımından da idarəetmənin yeni bir mərkəzdən idarə olunması effektiv nəticələrə gətirib çıxaracaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
7
publika.az

8Sources