EN

Azərbaycan enerji təhlükəsizliyi siyasətini uğurla icra edir ŞƏRH

Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Enerji təhlükəsizliyi dedikdə bütün ölkənin, vətəndaşların, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı ilə təmin olunması, kifayət qədər enerji tədarükünün əldə edilməsi vasitəsilə bu sahədə hər hansı təhdidlərdən müdafiəsi nəzərdə tutulur.

Bu gün dünyada sənayeləşmə və rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə ən əhəmiyyətli məsələlər sırasında enerji təhlükəsizliyi dayanır. Eyni vaxtda həm enerjiyə artan tələbatın təmin edilməsi, həm də qlobal ekoloji tələblərə əməl edilməsinin vacibliyi dünya ölkələrinin bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə sövq edir. Bu baxımdan qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir, bərpa olunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” isə keçidini sürətləndirməkdədir.

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Memarı ümummilli lider Heydər Əliyev olan Müasir Azərbaycan Respublikasının təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün ümumilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.

Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Azərbaycanın Xəzər dənizində ona məxsus zəngin karbohidrogen ehtiyatlarını dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri ilə birgə yeni texnologiya əsasında istehsal etməsi və müstəqil marşrutlarla dünya bazarlarına çıxarması onun enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi artırmış, dünya enerji sistemindəki rolunu yüksəltmişdir. Bütün bunlar ölkənin enerji təhlükəsizliyinin qorunmasına və təmin olunmasına həm də beynəlxalq dəstəyi gücləndirmişdir. Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəmərləri dünya dövlətləri ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına və müvafiq olaraq onun iqtisadi cəhətdən inkişaf etməsinə təkan vermişdir. Bundan əlavə ölkəmiz TAP və TANAP kimi beynəlxalq layihələrə önməli tövhələrin verilməsi və 2022-ci 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması qeyd olunan məsələrin inkişafına uğurla təkan vermişdir.

Prezident cənab bu günədək müxtəlif beynəlxalq platformalarda etdiyi çıxışlarında, keçirdiyi ikitərəfli və çoxtərəfli formatlardakı görüşlərində hər zaman Azərbaycanın bu gün dünyanın, o cümlədən Avropa Qitəsinin etibarlı enerji tərəfdaşı olaraq fəaliyyət göstərdiyini səsləndirir. Azərbaycan nefti və qazı ilə dünya dövlətlərinin enerji ehtiyaclarını təmin etməklə yanaşı olaraq, bundan sonra alternativ enerji mənbələrindən məharətlə istifadə edərək, enerji siyasətini yeni çağırışlara uyğun davam etdirəcəkdir.

Bu istiqamətdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə ölkəmizin uğurla təmsil olunması, eləcə də, ölkəmizin ev sahibliyi etdiyi nufuzlu tədbirlərin keçirilməsi Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əldə etdiyi uğurların yüksək səviyyədə olmasını və dünyada bu istiqamətdə starateji tərəfdaş kimi qəbul edilməsini şərtləndirmişdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Hazırda Azərbaycan özünün uğurlu enerji siyasətinin üçüncü mərhələsinə start verib. Bu mərhələ ölkəmizdə bərpaolunan mənbələrdən “yaşıl enerji” istehsalını həyata keçirmək və onun Avropa istehlakçılarına ötürülməsini təmin etməklə bağlıdır. Bu istiqamətdə də fəal və uğurlu işlər aparılır. Bildirək ki, ölkəmiz “yaşıl enerji” konsepsiyasını azad olunmuş dogma torpaqlarımızda uğurla tətbiq edir.

Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları qeyd edərkən hər il ölkəmizdə keçirilən Bakı Enerji Həftəsini xüsus olaraq qeyd etmək olar. Bildirək ki, cari ilin iyun ayının 4-də öz işinə başlayan Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı və qloballaşan dünyanın enerji məsələləri ilə bağlı maraqlı olduğu bir sıra məsələlərə aydınlıq gətirməsi bu tədbirin yüksək statusunu təsdiqləyir. Bundan əlavə Bakı Enerji Həftəsinin keçirilməsi və açılış mərasimində Prezident cənab İlham Əliyevin nitq söyləməsi beynəlxalq aləm üçün yol xəritəsidir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq etmişdir. 2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaqdır. "Əsrin müqaviləsi" görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən təməldir. Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisinin təsis edilməsindən 30 il ötür. Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1994-cü ildə, ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sənayesində ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və həmin dövrdən etibarən, “Caspian Oil&Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrildi.

Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan yaşıl enerji istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunacaqdır. Son dövrlərdə Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir, inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq və geniş miqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Belə genişmiqyaslı hadisə ərəfəsində enerji sektoru nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi töhfəni bir daha vurğulayacaqdır.

Göründüyü kimi, Azərbaycanın enerji resursları ilə zəngin olmasına və dünyada ənənəvi enerjinin əsas ixracatçısı kimi tanınmasına baxmayaraq, bu gün ölkəmizdə bərpa olunan enerji mənbələrinin istehsalı və istifadəsi diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin prioritet hədəflərindən biri də Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi və gücləndirilməsindən ibarətdir. Bu siyasət beynəlxalq özəl şirkətlərin qarşıya qoyulmuş çağırışlarda iştirakını yüksək dəyərləndirir və Azərbaycan hökumətinin bu kimi investorlarla yaxından əməkdaşlığını ortaya qoyur. Bu gün Azərbaycanın enerji təhlükəsizliyi siyasəti uğurla inkişaf edir. Bu gün Cənab Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi enerji təhlükəsizliyi sahəsinə də göstərdiyi xüsusi qayğı və diqqəti nəticəsində Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Heç şübhəsiz bu gün yüksək səviyyəli uğurların əldə olunması və inkişaf etdirilməsinin əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfərlər təşkil edir.

Son olaraq qeyd edək ki, Azərbaycanın enerji istehsalı və ixracı, enerji təhlükəsizliyi sahəsindəki nailiyyətlərini Prezident cənab İlham Əliyevin ölkəmizdə yaratdığı bu siyasi və iqtisadi sabitliyə, qətiyyətli siyasi iradə nümayiş etdirdiyi xarici diplomatiyaya, dünya dövlətləri ilə qurduğu uğurlu əməkdaşlığa, Vətən və xalq sevgisinə borcluyuq.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
3
sesqazeti.az

10Sources