EN

Sağlam cəmiyyət arzulayırıqsa...

Qohum nikahlarına hüquqi və tibbi baxımdan qadağa qoyulmalıdır

Qohum insanlar arasında ailələr adətən onlara aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Bəzən qızlarının təhlükəsizliyi baxımından qohumla evlənməsini məsləhət bilirlər.

Qohum nikahlardan doğulan uşaqların xəstəliyi ilk növbədə cəmiyyəti düşündürməlidir. Mentalitetimizdə qohum evlilik tarixən var. Sağlam cəmiyyət arzulayırıqsa, qohum evliliyinə qadağa qoyulmalıdır. İki qohum arasında sevgi yaransa, onlara cəza da təsir etməyəcək və vətəndaş nikahı ilə ailə quracaqlar. İnsanları maarifləndirmə yolu ilə dəyişə bilməyəndə, hüquqi yola əl atmaq lazım gəlir. Qohum nikahların fəsadları ilə bağlı fikirlər gənclərə uşaqlıqdan aşılanmalıdır. Təbii ki, qohum nikahların sərt şəkildə qarşısını almaq mümkün olmayacaq. Ötən il Azərbaycanda 45 min 500 nəfər ailə qurub, ancaq 20 min nəfər boşanıb. Qohum nikahları ilə bağlı göstəricidə isə bu rəqəm 600-700 arası olub. Bu da digər göstəriciyə görə elə də böyük rəqəm deyil. Ailə quran insanlarda gənclər arasında hansısa keçilməz hisslər mövcuddursa, onlar tibbi müayinədən də keçə bilərlər. Azərbaycan cəmiyyətində təhlükəli tendensiya müşahidə olunur. Çünki boşanmaların sayı sürətlə çoxalır. Bu, bizi daha çox narahat etməlidir.

Qohumların nikahla bağlı müraciətləri az deyil. Onlarla maarifləndirmə söhbətləri aparılır. Yaxşı haldır ki, qanuna görə, rəsmi nikah olmayanda dini nikah bağlanmır. Ən əsası isə qan müayinələrini göstərən arayış olmadan nikah bağlanmamalıdır. Dövrümüzdə qan xəstəliklərinin, həmçinin qüsurlu uşaqların sayının artması müşahidə olunur. Hər iki valideyn talassemiya daşıyıcısı olduqda xəstə uşaqların doğulma ehtimalı böyük olur. Burada böyük faiz qohum nikahların payına düşür. Həmçinin mində, milyonda bir təsadüf edilən nadir xəstəliklər məhz qohum evliliklər nəticəsində yaranır.

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna erkən və qohum nikahların fəsadı kimi xəstələr müraciət edirlər. Hər insanda DNK-nı formalaşdıran 23 cüt xromosom var. DNK-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran genlərdir. Həmin genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Qohumla evlənəndə zərərli genlərin qarşılaşma ehtimalı yüksək olduğundan doğulan uşaqların müəyyən xəstəliklərə tutulması riski yüksək olur. Qohum evliliklər zamanı yaranan bəzi genetik xəstəlikləri uşaq ana bətnində olarkən aşkarlamaq mümkündür.

Hər kəs bu məsələdəki gərginliyi anlayır və məsələnin vacibliyini qəbul edir, bu və ya digər addımların atılmasını da mütləq şəkildə vacib sayır. Bu da aydındır ki, bir hədəfə doğru gediriksə, burada müxtəlif fikirlərin olması mümkündür və paralel üsullardan istifadə olunmalıdır. Maarifləndirmə isə şəxsin özünün xilası üçün mütləq getməlidir. Bunu heç kim inkar və istisna etmir. Aydındır ki, yalnız maarifləndirmə yolu ilə gedəndə hansı nəticələr əldə etmək olar. Amma konkret şəxsin pozulmuş hüququnu bərpa etmək istəyəndə qanunun gücündən və hüquqi çərçivələrdən istifadə edilməlidir. Bu çərçivələr olmasa, maarifləndirmə təsir göstərə bilməz.

Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Qaydada erkən nikahın və qohumlar arasında nikahın izahı verilib. Maarifləndirmə Qaydasının icrasına dair Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən mütəmadi olaraq görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır. “Ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsinə dair keçirilmiş tədqiqatın təhlili” adlı kitabça hazırlanıb və çap edilib. “Qan qohumları arasında nikah və onun fəsadları” adlı maarifləndirici vəsait hazırlanaraq komitənin rəsmi saytına və sosial şəbəkə səhifələrində yerləşdirilib, eləcə də çap olunaraq, qeydiyyat şöbələrində nikaha daxil olan gənclərə paylanması üçün Ədliyyə Nazirliyinə və “ASAN xidmət” Mərkəzinə göndərilib.

Dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Lakin buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur. Qohumlar arasında nikahın mənfi nəticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alınaraq beynəlxalq təcrübə öyrənilmiş və ABŞ-ın 24 ştatında, Çində, Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasıın qadağan edildiyi məlum olub.

Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur. Son olaraq qeyd edək ki, Azərbaycanda genetiklər tərəfindən diaqnozu qoyula bilməyən irsi xəstəlik yoxdur. Müayinələrlə növündən, mutasiyanın şəklindən asılı olmayaraq, patologiyanın səbəbi aydınlaşdırılır. Amma hər zaman klinik genetik araşdırma üçün ortada səbəb, patologiya və ya xəstə uşaq olmalıdır. İnsanda hər hansı problem yoxdursa, genetikasını araşdırmaq doğru deyil.

Dünyanın hər yerində belədir ki, genetikası yoxlanılacaq insanların əvvəldən yazılı razılığı alınır. Nəticələr bəlli olandan sonra həmin şəxslərə genetiklər nəticəni izah edirlər. Tutaq ki, iki nəfər resesiv xəstəlik daşıyıcılığını öyrənmək üçün analiz verib və nəticələrində hər ikisi daşıyıcı çıxıb. Bu zaman onlara izah edilir ki, sizin hər hamiləlikdə 25 faiz xəstə, 75 faiz sağlam uşaq sahibi olmaq ehtimalınız var. Onlara, həmçinin hamiləlik zamanı xəstəliyi əvvəldən müəyyənləşdirməyin mümkünlüyü izah edilir. Sağlam uşaq şanslarının olduğunu biləndə problem yaranmır. Bütün bunlardan sonra gənclər, eləcə də valideynlər bilməlidirlər ki, ailəyə, eləcə də cəmiyyətə sağlam uşaq bəxş etməyin ən düzgün yolu qohumlarla nikaha girməməkdir.

Cavid Əkbər, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
ikisahil.az

1Sources