EN

“Qadınların iş saatına dəyişiklik edilməsi təklifi məntiqlidir” - Yazıçı-kulturoloq

Ötən həftə Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, işləyən, uşağı olan qadınlar çətinlik çəkir, qayğılarla yüklənirlər: “Ailəli və uşaqlı qadınlar işə 1 saat gec getsinlər və işdən 1 saat tez çıxsınlar. Bununla bağlı Əmək Məcəlləsinə maddə salınsın”.

Bu təklif artıq bir neçə dəfə səsləndirilib. Bunu reallaşdırmağa həqəqətən ehtiyac varmı?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, işləyən qadınlar ikiqat yükə düşürlər:

“Onlar həm rəsmi iş yerlərində, həm də evdə çox böyük zəhmət çəkirlər. Bununla bağlı Azərbaycanda dəfələrlə təkliflər olub. O cümlədən, biz də təklif etmişik ki, işləyən və ya evdar qadınların sərf etdiyi zəhmətin müqabilində onlara dövlət müəyyən müavinətlər versin. Tahir müəllimin təklifi yenə də məntiqlidir. Bəli, işləyən qadınlar yaşlı valideynlərə baxırlar. Həyat yoldaşını və uşaqların yeməyini və çayını hazırlayır, paltarını yuyur, ütüləyir, evləri təmizləyir və digər işlər görürlər. Eyni zamanda, hamını yola salandan sonra özləri işə gedir. Ona görə də imkan daxilində işə 1 saat gec getməlidirlər və işdən də 1 saat tez buraxmaq lazımdır. Bir çox bölgələrdə artıq problemlər yaranıb. Rayonun kəndlərində yaşayan işçi qadınlar işə tez getmək üçün səhər tezdən durmalı və rayon mərkəzinə gəlməlidirlər. Evə gedəndə isə qaranlıq düşür və kəndlərə avtobuslar işləmir. Taksiylə və ya başqa cür gələndə də zamanlarını yola xərcləməyə məcbur olurlar. Ona görə də ailələrdə problem çıxır. Bu baxımdan, Milli Məclisin komitə sədrinin verdiyi təklif başadüşüləndir. Eyni zamanda, işləyən və evdar qadınların evdə gənc nəslin sağlam və mənəvi cəhətdən böyüməsi üçün sərf etdikləri zəhmət hansısa formada dəyərləndirilməlidir”.

Prezident təqaüdçüsünün sözlərinə görə, əvvəlki kimi bizdə çoxuşaqlı ailələr yoxdur:

“Amma hətta 1-2 uşağın zəmətini çəkən, ərinin, yaşlı valideynlərinin qayğısına qalan, xəstə qohum-qonşuya yardım edən evdar və işləyən qadınlarımızın əməyi mütləq dəyərləndirilməlidir. Bir çox ölkələrdə bununla bağlı ayrıca dövlət proqramları var. Dövlətin yardımları və fondları vasitəsilə ehtiyacı olan qadınların müraciəti əsasında qrant, müavinət və ya maddi vəsait formasında kömək edirlər. Hətta əgər sosial cəhətdən zəifdirlərsə ərzaq məhsulları üçün limitli kartlar da verilir. Niyə də bu, Azərbaycanda olmasın? Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkəsidir. Qarabağ problemini həll etmişik və orada yenidənqurma işləri gedir. Bir çox iqtisadi uğurlaq qazanmışıq. Neft fondunda kifayət qədər pullarımız var. Ona görə ailələrdə sağlam uşaqların böyüməsinə kömək etmək üçün qadınlarımıza yardım etməliyik. Fikir verin, yeni ailələr yaratmaq üçün bizdə sağlam nəslin nümayəndələri yoxdur. Ailələrdə demoqrafik problemlər var və bir uşaqdan artıq dünyaya gətirmirlər. Hər bir millətin artması və demoqrafik problemin həlli üçün ən azı 2-3 uşaq dünyaya gətirilməlidir. Bəli, dövlət çox böyük işlər görür. Amma dövlətin inkişafı ilə əlaqədar islahatlar da aparmaq lazımdır. Bu islahatlardan biri də ailəyə, qadınlarımıza olan münasibətimizdir. Baxın, kişilər işə gedir-gəlir. Kişilərin maaşı daha yüksəkdir, həm də evdə demək olar ki, heç nə etmirlər. Qadınlar isə evi təmizləməli, yemək bişirməli, paltarları hazırlamalı, bazarlıq etməli və digər işlər görməlidir. Üstəlik, ailədə olan uşaqların bütün əziyyətini çəkməli, məktəbə aparmalı, valideyn iclaslarında iştirak etməli, eyni zamanda, toy və hüzr yerlərində kömək etmək üçün dəfələrlə iştirak etməli və s. kimi işlər görürlər. Biz bunun qarşılığında nə veririk? Ona görə də bütün bunların olmaması üçün qadınlara xüsusi xidmət göstərməyi bacarmalıyıq. Kişilər bir gün evdə oturub hansısa işlər görəndə, uşaqlara baxanda səs-küy salırlar. Amma bunu hər gün edən qadınların əməyinin qarşılığında biz onlara nə isə verə bilirikmi?”.

Aydın Xan Əbilov qeyd edib ki, dövlətin bununla bağlı, xüsusən ailələrdə sağlam uşaqların böyüməsi üçün xüsusi proqramı olmalıdır:

“Yoxsa biz əlillərdən və xəstələrdən ibarət cəmiyyət formalaşdırırıq. Nə qədər sağlamlığında problem olan uşaqlarımız var. Bunlar gələcəkdə həm dövlətin özü, həm də cəmiyyət üçün çox böyük yükə çevrilirlər. Onların evlənmək, ailələrini saxlamaq problemi var. Dövlət büdcəsindən müalicə olunmaq və özlərini saxlamaq üçün pensiya problemi var. Bütün bunlar düşünüləsi məsələlərdir. Yaxşı ki, bu barədə Milli Məclisdə məsələlər qaldırılır. Biz ictimai fəallar da, ekspertlər də artıq tez-tez fikirlərinizi bildirirk. Nəinki qadınlar, hətta fikirləşirəm ki, müəyyən mənada təzə evlənən gənc xanımlara da kömək etməliyik. Ümumiyyətlə, Azərbaycanda ailə və qadın krizis mərkəzlərinin yaradılması, bunların yalnız Bakıda deyil bölgələrdə də formalaşdırılması və bütün gücü ilə işləməsinə böyük ehtiyac var. Necə olur ki, bölgələrdə gənclər mərkəzi var, amma belə mərkəzlər hələ də formalaşdırmamışıq. Bəli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Amma onun əməkdaşlarının sayının az olması, ayrılan pulun azalması, eyni zamanda hər yerdə bölmələrinin olmaması bu işlərə kömək etməkdə əl-qollarını bağlayır. Elm və Təhsil Nazirliyi artıq ailə və qadın məsələləri ilə bağlı orta və ali məktəblərdə fənlərin keçirilməsi ilə bağlı fikirləşməlidir. İndi bizə bütün milləti alim etmək yox, cəmiyyətə normal və sağlam ailə qurmaq üçün ailə, qadın və uşaqlarla bağlı sahəvi biliklərin tərdisinə ehtiyac var. Sosial işçilərin ailələrə psixoloji sosial-mənəvi yardımına ehtiyacımız var. Eyni zamanda, ailələrin maddi cəhətdən dəstəklənməsinə ehtiyac var. Biz buna ailəni dəstəkləmək üçün müavinət adı veririk və məncə bu yöndə də işlər aparılmalıdır”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
65
herbiand.az

1Sources