EN

Qadınlara qarşı fiziki və psixoji şiddətin artmasına səbəb nədir? 

Son vaxtlar qadınlara qarşı zorakılıq hallarının artmasının şahidi oluruq. 

Aparılan araşdırmalar göstərir ki, Ailə Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinə 2024-cü ilin 4 ayında 175 (57 psixi, 106 fiziki, 6 iqtisadi, 6 cinsi) müraciət daxil olub.

Bundan öncəki statistikaya nəzər yetirdikdə isə, 2021-2023-cü illər üzrə ümumi  olaraq 1468 müraciət daxil olub. AQUPDK-nə daxil olan müraciətlərə əsasən, məişət zorakılığına məruz qalanların, 2022-ci ildə 475-qadın, 20-kişi, 81-uşaq, 2023-cü ildə 478-qadın, 27- kişi, 328-uşaq, 2024-cü ilin 4 ayı ərzində 157-qadın, 10-kişi, 114-uşaq olmuşdur.

Ailə Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin Hüquqi-təminat şobəsinin məişət zoakılığının qarşısının  alınması sektorunun məsləhətçisi İradə Məmmədova "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, Dövlət Komitəsinə hər il təqribən 400-ə yaxın müraciət daxil olur: "Hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir. Zərər çəkmiş şəxslərin aşkarlanmasında vətəndaş cəmiyyəti və media subyektləri, xüsusilə də sosial media çox böyük rol oynayır. Məişət zorakılığı halları indi həm də bu təsisatların sayəsində aşkar edilir, ictimaiyyətin və dovlət orqanlarının diqqətinə çatdırılır. 

Dövlət Komitəsi tərəfindən aparılan geniş miqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlər, mediada geniş işıqlandırılma məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə  təkan verib və  Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb".

Qeyd edək ki, məişət zorakılığının yaranmasına təsir edən amillər-əksər ailələrdə kənardan olan müdaxilələr, qadınların iqtisadi asılılığı, gender bərabərsizliyidir.

Bundan əlavə alkoqol və narkotik asılılığı, xarakterdə zorakılığa meyllilik, maddi problemlər, qısqanclıq və uşaqlıqda yaşanan zorakılıq təcrübəsi də məişət zorakılığında daha çox rol oynayan səbəblərdir.

Bəs bu halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir? 

Mütəxəssis açıqlamasında bildirir ki, məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi istiqamətində görülən işlər əsasən maarifləndirmə və məlumatlandırma xarakterli olmaqla dövlət orqanlarını, bələdiyyələri, vətəndaş cəmiyyətini, müxtəlif əhali qruplarını, xüsusilə də gəncləri və media subyektlərini əhatə edir: "Zərər çəkmiş şəxslərin müdafiəsi üzrə mövcud vasitələr barədə məlumatlar mediada mütəmadi işıqlandırılır. 

Ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlərin görülməsində Daxili işlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzinin, elektron poçt ünvanının, Dövlət Komitəsinin dəstəklədiyi 860 və 116 111 (Qadın Dəstək Xətti) nömrəli, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 116 123 nömrəli qaynar xəttlərinin mühüm rolu olur. 

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır. Məişət zorakılığı ilə bağlı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. Şikayətdə cinayət tərkibinin əlamətləri olduğu halda ərizə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına yönləndirilir".

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources