EN

Neymarın zədədən bərpası uzanır

Braziliya millisinin və “Əl-Hilal”ın ulduzu, hücumçu Neymarın yaşıl meydanlara qayıtması təxmin edilən təqvimdən geri qalır.

Arena.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, dizin çarpaz bağlarının zədəsindən bərpa keçən braziliyalı futbolçunun cari mövsümün sonuna qədər sıraya dönəcəyi təxmin edilirdi. Amma indi Neymarın sağalması təqvimdən geri qalır. Həmçinin Neymarın “Əl-Hilal”ın mövsümöncəsi məşqində iştirak edəcəyi güman edilirdi. Bununla belə, braziliyalı hücumçunun növbəti mövsümün başlanğıcını belə buraxacağı gözlənilir.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz futbolçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçu dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.

Chosen
71
8
arena.az

10Sources