EN

Xesus Navas “Sevilya” ilə yarımillik ödənişsiz müqavilə bağladı

“Sevilya”nın ispan sağ cinah müdafiəçisi Xesus Navas doğma klubuna münasibətdə comərd addımı ilə diqqət mərkəzinə düşüb.

Arena.az “Sevilya”nın rəsmi saytına istinadən məlumat verir ki, cari mövsümün sonunda müqaviləsinin bitməsilə klubdan ayrılacağını açıqlamış kapitan Navas, “Sevilya” ilə ödənişsiz əsasda cari təqvim ilinin sonuna qədər müddətə yarımillik müqavilə imzalayıb.

Vurğulanır ki, Navas yeni əmək müqaviləsi üzrə bütün maaşını “Sevilya”nın xeyriyyə fonduna köçürəcək. Yeni ildə isə futbolçu karyerasını başa vuraraq, komanda strukturunda “ömürlük” müqavilə ilə işə başlayacaq.

Xesus Navas “Sevilya”nın yetirməsidir və 2001-ci ildə karyerasını başladığı klubda 2013-cü ilin iyuluna qədər çıxış edib. Bu müddət Navasın “Sevilya”dakı birinci dövrü kimi əlamətdardır. Ardınca Navas 20 milyon avro müqabilində “Mançester Siti”yə keçib. 2017-ci ilin avqustunda isə dörd illik ayrılıqdan sonra Navas “Sevilya”ya qayıdıb.

Cari mövsümdə Navas “Sevilya”nın heyətində bütün yarışlarda 36 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə fərqlənib. Navasın “Sevilya”da çıxışının ümumi mənzəsəsi isə belədir: 687 oyun, 37 qol, 119 məhsuldar ötürmə.

Xesus Navas 2009-cu ilin noyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə verib.

Xesus Navasın zəngin qənimətlər muzeyi var. Vurğulayaq ki, Navas “Sevilya”nın ən çox qənimət qazanmış futbolçusudur. Bu qənimətlərə “Sevilya” ilə 2 İspaniya Kral Kuboku, İspaniya Super Kuboku, 2 Avropa Liqası və həmçinin 2 UEFA Kuboku, UEFA Super Kuboku daxildir. Həmçinin Navas “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının və 2 dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.

Navas İspaniya yığması ilə 2010-cu il dünya çempionatında və 2012-ci il Avropa çempionatında, eləcə də 2023-cü il UEFA Millətlər Liqasında qalibiyyət qazanıb.

Fərdi mükafatlara gəlincə, Navas 2022/2023-cü illər mövsümündə “Sevilya”da ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 38 yaşlı ispan müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Chosen
141
1
arena.az

2Sources