EN

Elektromobil bazarında rəqabət

Yazını böyüt
Yazını kiçilt

Çindən gələn elektrik avtomobilləri və polad Avropa İttifaqınının bazarını ələ keçirib. Bu fikirləri Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Çin sədri Si Cinpin və Fransa prezidenti Emmanuel Makronla üçtərəfli görüşdən sonra deyib.

O vurğulayıb ki, bununla bağlı Brüssel Çinin könüllü olaraq ixracı azaltmasını gözləyir: “Elektrikli avtomobillər və polad məmulatları kimi Çinin subsidiyalaşdırılan məhsulları Aİ bazarını həddindən artıq doldurub. Dünya, artıq Çin məhsullarını qəbul edə bilməz. Buna görə də Çin hökumətini bu struktur həddindən artıq istehsala cavab verməyə çağırdım. Eyni zamanda, biz “G7” ölkələri və inkişaf etməkdə olan ölkələrlə birlikdə cavab tədbirlərini intensiv şəkildə koordinasiya edəcəyik".

Onun sözlərinə görə, Aİ bazarlarının əlçatanlılığı hami üçün bərabər şərtlərlə olmalıdır: “Lakin biz bazarın qorunması alətlərimizdən tam istifadə etməyə hazırıq”.

Qeyd edək ki, bu gün dünyada 5,1 milyondan çox elektromobil və hibrid avtomobilindən istifadə olunur və bu avtomobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Niderland və Norveç kimi ölkələrin payına düşür. Statistika göstəriri ki, son illər Azərbaycanda da elektromobillərə maraq artmaqdadır. Təkcə ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib. Bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə çoxdur. Ümumiyyətlə isə 2020-2023-cü illərdə Azərbaycana 154 milyon 722 min ABŞ dolları dəyərində 3 915 ədəd elektromobil idxal edilib. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu ilin I rübündə isə Azərbaycana 35 milyon 308 min ABŞ dolları dəyərində 830 ədəd elektromobil gətirilib. 2020-ci ildən indiyə qədər ölkəyə 190 milyon ABŞ dolları dəyərində 4745 ədəd elektromobil idxal edilib. Ötən il ölkəyə elektromobil idxalında ciddi artım baş verib. Belə ki, 2023-cü ildə Azərbaycana 3102 ədəd elektromobil idxal edilib ki, bu da əvvəlki illə müqayisədə 6.4 dəfə çoxdur.

Bəs, görəsən Azərbaycan bazarında elektomobillərin pay bölgüsü necədir? Bu avtomobillər ölkəmizə daha çox hardan gətirilir? Onların qiyməti və keyfiyyəti necədir?

Araşdırmalar göstərir ki, bu gün Azərbaycana idxal edilən elektromobillərin çoxu məhz Çindən gətirilir. 2023-cü ilin statistikasına görə, ötən il ölkəmizə idxal edilən elektromobillərin 2250 ədədi (79,357 milyon dollar) Çindən, 255 ədədi (22,959 milyon dollar) Almaniyadan, 132 ədədi (4 milyon dollar) ABŞ-dən, 33 ədədi (1,332 milyon dollar) Cənubi Koreyadan, 28 ədədi (393 min dollar) Yaponiyadan, 17 ədədi (1,164 milyon dollar) Belçikadan alınıb. Yaponiyadan və ABŞ-dən gətirilən elektromobillər arasında “ikinci əl” maşınlar üstünlük təşkil edir. Buna görə də onların qiymətləri nisbətən aşağıdır. Digərləri, o cümlədən Çindən idxal edilən avtomobillər isə əsasən yürüş məsafəsi sıfır kilometr olan avtomobillərdir. Qiymətlərə baxdıqda görürük ki, hər avtomobilin öz qiyməti olur. Qiymətin formalaşmasında modelinin də rolu çoxdur. Ən ucuz hibrid avtomobil 17-18 min dollardır. Bahalıların qiyməti də 35 min dollardan başlayır. “Birinci əl” elektromobillər arasında ən ucuzları Çin istehsalı olan maşınlardır. Çindən idxal edilən avtomobillərin orta qiyməti 35,2 min dollardır. Amma burda bir incə məqam da nəzərə alınmalıdır. Çindən idxal edilən avtomobillər arasında yerli şirkətlərlə bərabər dünyanın tanınmış avtomobil şirkətlərinin istehsal etdiyi elektromobillər də var. Çin dünyada ən çox avtomobil istehsal edən ölkədir və son illərdə elektromobil istehsalında da daha böyük nəticələr əldə edib. İndi demək olar ki, bütün tanınmış avtomobil şirkətləri Çində elektromobil istehsalı ilə məşğul olur. Çin Avtomobil İstehsalçıları Birliyinin məlumatına görə, 2023-cü ildə Çin avtomobillərinin ixracı rekord həddə - 5,26 milyon ədədə çatıb. Çinin daxili bazarı da daxil olmaqla satılan maşınların sayı isə 25,5 milyona bərabər olub. Nəticədə Çin Yaponiya, Almaniya və Cənubi Koreyanı qabaqlayaraq əsas dünya ixracatçısı adını qazanmağa müvəffəq olub. Yüksək göstəricinin əsas hərəkətverici qüvvəsi, Rusiyanın Çindən avtomobil idxalını 2022-ci illə müqayisədə ən azı 5 dəfə - 800 min ədədə qədər artırmasıdır.Sanksiyalar və geosiyasi gərginlik fonunda, Çin istehsalçıları bazardan getmək məcburiyyətində qalan rəqiblərinin yerini tutublar.

Dünya üzrə göstəricilərə gəlincə isə, Çinin “BYD” markası ötən il ən çox satılan avtomobil markaları siyahısında ilk pillədə qərarlaşıb. “BYD” 2,57 milyon avtomobil satışı ilə dünyaca məşhur “Volkswagen” və “Toyota” kimi markaları da geridə qoymağı bacarıb.

Bundan əlavə, dünyada ən çox satılan 10 avtomobil markası siyahısında Çinin “Geely” və “Changan” kimi maşın istehsalçıları da yer alıblar.

Məsələni qəzetimizə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də deyib ki, son illər Çin həm elektromobil istehsalı, həm də satışı üzrə digər ölkələri əhəmiyyətli dərəcədə qabaqlayıb: “Biz də dünyanın bir parçası olduğumuza görə Azərbaycana idxal olunan elektomobillər arasında Çin avtomobilləri üstünlük təşkil edir. Bunun əsas səbəblərindən biri Çinin təklif etdiyi elektromobillərin əlçatan qiymətə təklif olunmasıdır. Eyni zamanda, ümumiyyətlə elektromobil hissələrini, əsas da onun bateriyasını dünyada demək olar ki, Çin istehsal edir. Nəticədə istehsalı ucuz başa gətirə bilir. Bundan başqa biz bilirik ki, Çin dünyada həm də ən ucuz işçi qüvvəsinə malik ölkədir. Bütün bunlar avtomobilin maya dəyərini aşağı edir və Çinin dünya avtomobil bazarında payını ilbəil artırır. Çin avtomobillərinə marağın artmasının bir səbəbi də istehsal prosesində yeni texnologiyaların daha çevik tətbiq olunmasıdır. Məsələn, keçmiş sovet ölkələri “VAZ21-06”nı eyni modeldə 40-50 ilə qədər istehsal etdi. Yəni, bu illər ərzində bazara eyni marka, eyni model təqdim olundu. Baxırıq ki, Çində bir model 1 ildən artıq istehsal olunmur, yeni innovasiyalar daha sürətlə tətbiq edilir. Bu da demək olar ki, bazarda rəqabətsiz inkişaf etməyə imkan yaradır. Yəni digər rəqibləri olan Avropa, Koreya, Yaponiya bununla rəqabət edə bilmir. Onlar sürətlə dəyişə bilirlər. Digər avtomobil istehsalçıları isə 10-15 il bundan qabağın innovasiyanı tətbiq edir. Nəticədə Çindəki rəqiblərində geri qalırlar”.

Ekspert hesab edir ki, Çində istehsal olunan avtomobillər keyfiyyət baxımından da yüksək səviyyədədir: “Ümumiyyətlə, həm elektromobillər, həm də Çin istehsalı olan avtomobillər haqqında çoxlu miflər var. Mən özüm də 2 ilə yaxındır ki, Çin istehsalı olan elektromobildən istifadə edirəm. Hətta bu yaxınlarda ikincisini də almışam. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, indiyədək bu avtomobillərdə heç bir xoşagəlməz hallarla qarşılaşmamışam. Elektrikli avtomobillər həm komfortludur, həm də qənaətcildir. Digər avtomobillərlə müqayisədə 80-90 faiz qənaət deməkdir. Daxiliyanma mühərrikləri olmadığından, avtomobilin xarabolma ehtimalı da çox azdır. Elektromobil batareya, elektrik mühərriki və “beyindən” ibarətdir, əlavə xərc yaradan detallar yoxdur. Çin bateriyaları ömürlük zəmanət də verir. Elektromobillərin guya mənfi cəhətləri haqqında süni ajiotaj yaratmaqla, bundan istifadəni azaltmağa çalışırlar. Bu, çox güman ki, digər yanacaq növlərinin aktual qalmasına nail olmaq üçün bu yollara əl atırlar. Ümumilikdə hesab edirəm ki, Çin dünyada elektromobil istehsalı və satışı üzrə dominatlığını gələcəkdə də qoruyub saxlayacaq”. 

 

Chosen
381
20
hafta.az

10Sources