Elektron imtahan formatının üstünlüklərindən danışan təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında deyib ki, bu üsula beynəlxalq təcrübədə də rast gəlinir:
“Bu, müsbət haldır. Məsələn, say az olduğu üçün DİM inzibati rəhbər vəzifələrin dövlət qulluğuna qəbul imtahanlarını (AB, AC) elektron qaydada keçirir. Burada namizəd imtahanı yekunlaşdıran anda nəticəsini öyrənmiş olur və ona bunu müvafiq olaraq təsdiqləyən doldurulmuş cavab kartı çap olunaraq təqdim edilir. Dövlət qulluğuna qəbulun inzibati və icraçı vəzifələrə qəbul (BA, BB) imtahanı da elektron qaydada keçiriləcək. Bunun mənfi tərəfi o ola bilər ki, kompüterlə işləmək bacarığı zəif olan şəxslər müəyyən problemlərlə qarşılaşsınlar. Lakin indiki zamanda kompüterdən ilkin anlayışı olmayan az tapılar. Hətta onlar belə təşvişə düşməməlidirlər. Çünki proses olduqca sadədir, nəzarətçi müəllimlər tərəfindən hər şey ətraflı şəkildə izah edilir”.
Ekspert qeyd edib ki, digər bir çətinlik hesablama tipli suallarda yarana bilər:
“Düzdür, bunun üçün imtahan verənlərə ağ vərəqlər verilir. Riyaziyyatda misalların vərəqə köçürülməsi, məntiqdən şəkillərin çevrilməsi kimi nüanslar az-çox çətinlik yarada bilər. Həmçinin imtahan elektron qaydada keçiriləndə test tapşırıqları iştirakçılara təqdim edilmirdi. Çox yaxşı olar ki, test tapşırıqları onların hesablarına yüklənsin. İmtahan verənlər o suallarla yenidən tanış olsun və çap edə bilsinlər.
İmtahanların elektronlaşdırılması həm də kağız tullantılarının qarşısını alacaq, ümumi prosesi yüngülləşdirəcək. Bu, ekoloji problemlərin qarşısının alınmasına da köməkdir”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.