Berlində zavod yandı – Evi tərk etməmək tövsiyə olundu
Berlinin Lixterfelde rayonunda “Diehl Metal Applications” (“Diehl Group” müdafiə-sənaye konserninin bir hissəsi) metal emalı zavodunda güclü yanğın baş verib. Yeniavaz.com xəbər verir ki, atmosferin zəhərli maddələrdən çirklənməsi təhlükəsi ilə əlaqədar ətraf rayonların sakinlərinə ehtiyat tədbirlərinə əməl etmələri və evlərini tərk etməmələri tövsiyə olunur. İlkin məlumatlara görə, yanğının sahəsi 2 min kvadratmetri keçib. Bildirilir ki, zavod binasının dörd mərtəbəsi yanıb, binanın bir hissəsi dağılıb. Yanğın ilkin olaraq texniki otaqda baş verib, heç kim xəsarət almayıb. Müəssisədə kükürd turşusu və mis siyanidin saxlanılması atmosferin zəhərli maddələrlə çirklənməsi təhlükəsi yaradıb. Yanğın yerinin üstündə qalın qara tüstü sütunu görünür.