Sonuncu qələbəsini fevralda Azər Bağırovun rəhbərliyi altında “Neftçi” üzərində qazanan Muxtar Respublika təmsilçisi Elmar Baxşıyevin rəhbərliyi altında çıxdığı ilk iki matçdan məğlub ayrılsa da, 3-cü qarşılaşmada səfərdən 3 xalla qayıtmağı bacardı. Oyunda diqqətçəkən məqamlardan biri də “qırmızı-ağlar”ın azarkeş qrupu “Sektor-85”in tribunadakı yoxluğu idi. Onsuz da son vaxtlar bəzi azarkeş qruplarının komandasını boykot etdiyinin, tribunalardan çəkildiyinin şahidi oluruq. Görəsən, “Sektor-85” də “Forza Neftçi” ilə “Dənizçilər” kimi boykot yolunu tutdu, yoxsa “Qarabağ Ordu” kimi, sadəcə, tribunalardan çəkildi?
Bu sualın cavabını “Sektor-85”in rəhbəri Əhməd Manafovda axtardıq:
“Xeyr, boykot etməmişik. Sadəcə, gələ bilmədik. Klubla heç bir problemimiz yoxdu,hər şey qaydasındadı. Qalib də gəlsə, məğlub da olsa, həmişə “Araz-Naxçıvan”ın yanındayıq. Sadəcə, müəyyən səbəblərdən dolayı gələ bilmədik. Həm iş-dərs günü idi, həm də bizim azarkeşlər çox uzaqdan gəldikləri üçün çətinlik yaşandı”.
KAMAL SƏFƏR