EN

Zəngəzur dəhlizinin açılışına Ermənistanda da start verildi- gözlənilməz proseslər başladı...

Image

Türkiyə İnkişaf Yolu Layihəsi və Zəngəzur dəhlizi çərçivəsində planlaşdırılan avtomobil və dəmir yolları üçün işlərə başlayıb. Belə bir açıqlama Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu tərəfindən verilib. 

O bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə Mərkəzi Asiya arasında yeni əlaqələr yaranacaq: “Artıq işlərə başlamışıq. Türkiyə beynəlxalq nəqliyyat sisteminə inteqrasiyaya üstünlük verir".

Rusiyalı politoloq Boqdan Bezpalko qeyd edir ki, əslində, Zəngəzur dəhlizinin açılmasına indi daha intensiv hazırlıq gedir. Bu hazırlıq təkcə Azərbaycan və Türkiyədə yox, tədricən Ermənisanda da özünü göstərir. O qeyd edir ki, Qərbin, əsas etibarı ilə də ABŞ-ın siyasəti də buna hesablanıb: “ABŞ Ermənistana ona görə dəstək verir ki, İrəvan getdikcə Rusiyadan uzaqlaşsın. Hesab edirəm ki, Birləşmiş Ştatlar məqsədinə çatır. Ona görə də dəstək siyasətinin davam etməsi gözləniləndir. Düşünürəm ki, bu tendensiyalar davam edərsə, Zəngəzur dəhlizi açılacaq, Naxçıvan və Azərbaycan Türkiyə ilə birləşəcək. Qərb Türkiyə vasitəsilə Xəzər dənizinə çıxış əldə edəcək. Ermənistan burada sadəcə sövdələşmə vasitəsidir”. Belə bir vaxtda daha bir diqqətçəkən məqam odur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda gözlənilən danışıqlarında da Zəngəzur dəhlizinin əsas müzakirə mövzusu olacağına dair fikirlər səslənir. Ermənistan mediası Almatı danışıqlarının əsasnda məhz bunun duaracağını iddia edir. Məsələn, “İravunk” nəşri yazır ki, Qazaxıstan Azərbaycan və Türkiyənin Cənubi Qafqazla bağlı siyasətini qeyd-şərtsiz dəstəkləyir: “Əliyev və Ərdoğanın Qarabağ və Zəngəzurla bağlı dedikləri Almatıda da qəbul olunur. Bir sözlə, Ankarada, yaxud Bakıda danışıqlar necə ola bilərsə, Almatıda da elə olacaq. Tokayev də əvvəlcə Azərbaycana səfər etdi və bir aydan sonra sırf bu ideyanı qəbul etdirmək üçün bir neçə saatlıq İrəvanda oldu. Bütün bu prosesin arxasında Türkiyə dayanır. Məqsəd Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır”. Bunlar fonunda daha bir maraqlı iddia erməni politoloq Artur Xaçikyan tərəfindən səsləndirlib. O qeyd edir ki, Qazaxın dörd kəndindən sonra Basarkeçərdən 10 kəndin, Zəngəzurdan isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar yayılır. Onun iddiasına görə, bu, Zəngəzur dəhlizi ilə bağlıdır və dəhlizin Ermənistan hissəsində artıq işlər başlayıb: “Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək bu dəhlizdə yolların asfaltlandığı deyilir. Hakimiyyət bunu gizlədir, lakin sosial şəbəkələrdə yolların təmir edildiyi görüntüləri yayılır. Bu o deməkdir ki, kəndlərin verilməsindən sonra dəhlizin verilməsi də gündəmdədir”. Xaçikyan qeyd edib ki, baş verənlər Ermənistanın yekun kapitulyasiya aktını imzalaması ilə nəticələnəcək.

Bunlar fonunda Ermənistanda daha bir maraqlı məqama diqqət yetrilir. Belə ki, Ermənistan Ədliyyə Nazirliyinin məlumatına əsasən, demarkasiyanın başa çatmasına dair sənəd parlament tərəfindən ratifikasiya olunacaq və Ermənistan və Azərbaycan arasında dövlət sərhədi haqqında beynəlxalq müqavilə olacaq və bütün bunlar ilkin xarakter daşıyır. Qurum onu da bildirir ki, sərhəd dirəklərinin quraşdırılması da tərəflərin razılaşdırdığı xəritələr əsasında baş verir. Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan isə qeyd edir ki, Ədliyyə Nazirliyinin açıqlaması Xarici İşlər Nazirliyinin bəyanatından fərqlənir. Belə ki, Xarici İşlər Nazirliyinin bəyanatında nəinki ilkin demarkasiya ifadəsindən istifadə olunmayıb, həm də həmin ərazilərin mayın 15-dək imzalanacaq protokolda göstəriləcəyini və bundan sonra onlara baxılmayacağını açıqlayıblar. Lakin Ədliyyə Nazirliyinin açıqlaması sərhəddə yeni dəqiqləşdirmələr ola biləcəyini göstərir: “Bir dövlət qurumu sərhədlərin delimitasiyası prosesinin başlandığını deyirsə, digəri baş verənlərin ilkin olduğunu necə iddia edir? Ədliyyə Nazirliyinin cavabında  təhlükəli boşluqlar var. Amma parlamentdə hakimiyyəti təmsil edən deputat Artur Hovhannisyan bildirir ki, Ədliyyə Nazirliyinin cavabında heç bir təhlükəli boşluq yoxdur: “Biz həmin yerə gedib koordinatları olan sütunları yerləşdiririk, sonra bu sütunlar arasında boşluq yaranır, orada ikitərəfli protokol tərtib olunur, sərhədin haradan keçdiyi və sair ərazi təsvir olunur və biz irəliləyirik. Bundan sonra təbii ki, hüquqi proseslər olacaq, ola bilsin, parlamentlər təsdiq etsin, ola bilsin, başqa prosedurlar olsun. Hüquqi nöqteyi-nəzərdən, təsdiqi baxımından yenidən həmin bölmələrə müraciət etmək olar, amma yenidən çertyoja müraciət etmək kimi bir şey ola bilməz”. Hələlik bəlli olan odur ki, delimitasiya üzrə praktiki işlərin başlaması sərhədin digər istiqamətləri üzrə də müəyyənləşdirmə prosesi üçün əhəmiyyətli presedentdir. Bütün istiqamətlərdə delimitasiya prosesi ağrısız keçsə, Cənubi Qafqazda sülh və təhlükəsizlik adası formatında yeni əməkdaşlıq modellərinə qapılar açılacaq. Bu, Zəngəzur dəhlzinin də işə düşməsinə əsas yaradır. Yəni delimitasiya prosesi təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə regional əlaqələrin dinamikasına müsbət təsir göstərir. Prosesin ən böyük zirvəsi isə Zəngəzur dəhlizinin açılmasıdır. Hər halda, bunu Ermənistanda da yaxşı başa düşən az deyil.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
8
baki-xeber.com

10Sources