EN

"Bu tip şeylər bizim əziyyətimizə kölgə salır" (MÜSAHİBƏ)

"Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadənin "FutbolPress"ə müsahibəsi:

- "Qarabağ"la oyunda qazanılan qələbə haqda fikirlərini bildirərdin.
- Gözəl və vacib qələbə idi. Burada azarkeşlərin də rolu danılmazdır. Onlara təşəkkür edirəm. Ümid edirəm ki, hər oyunda belə atmosfer yaradarlar.

- Xüsusilə ilk hissədə çox geri çəkilmişdiniz. Müdafiədən oynamaq planlaşdırılmış idi, yoxsa rəqibin təzyiqinə görə belə oldu?
- "Qarabağ"ın gücü hər kəsə məlumdur. Onlar avrokuboklarda da rəqiblərini arxada qalmağa məcbur etməyi bacarırlar. Əvvəlki oyunlarda "Qarabağ"la açıq futbol oynamışdıq və xoş sonluq olmamışdı. Bu dəfə ehtiyatlı olmağa çalışdıq və bizdə alındı.

- Belə fikirlər var ki, "Qarabağ" bütün gücünü qoymadı, hakimlər kömək etdi və s. Bu da qələbənizə bir növ kölgə salmış kimi olur. Bu haqda nə deyə bilərsən?
- Məncə, bu tip şeylər bizim əziyyətimizə, qələbəmizə, "Qarabağ"ın adına kölgə salır.

-  Demək olar, mövsümün ən kritik oyununda qələbə qazandız və avrokubok yarışında qaldınız. Qarşıdakı turlarda ən həlledici oyun hansı olacaq?
- Sona dörd oyun qalıb. Hər qarşılaşma bizimçün həlledici olacaq. Əlimizdən gələnin artığını etməyə çalışacağıq.

- Xallar çox yaxındır. Konfrans Liqasına vəsiqə şanslarınızı faizlə necə dəyərləndirirsən?
- Hər şey öz əlimizdədir.

- Bu mövsüm yaxşı oyununla diqqət çəkirsən. Samir Abasov müsahibələrində tez-tez sənin üzərində yaratdığı təzyiqdən danışır. Abasovla işləmək çətin deyil?
- Xeyr, çətin deyil, xoşdur. Samir müəllim işini sevir, hər zaman yenilik axtarır. Bizə müasir futbolu öyrətməyə çalışır və buna görə tələbkardır. Hər gün ondan yeni şey öyrənməyə çalışıram. Onunla işləmək xoş hisslər yaradır.

- Müqavilən olsa da, artıq adın bir sıra klublarla hallanır. Gələcəyini "Sumqayıt"da görürsən, yoxsa yaxşı təklif olsa, dəyərləndirə bilərsən?
- Mövsüm hələ bitməyib. Bütün diqqətim komandamın oyunlarında, "Sumqayıt"la uğur qazanmaqdadır. Sonda xeyirlisi nədirsə, özümçün onu arzu edirəm. 

Şahin Cəfərov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources