EN

İki medala dörd adaxlı, ikisi də hasardan baxır - TƏHLİL

Azərbaycan Premyer Liqasının başa çatmasına cəmi 4 tur qalıb.

İdman.biz xəbər verir ki, digər komandalardan nəinki bir, hətta bir neçə baş üstün olan “Qarabağ” çempionluq mübarizəsini çoxdan başa vursa da, gümüş və bürünc mükafatlar uğrunda amansız mübarizə gedir.

“Metrodayıq, yoxsa avtobusda?”
Çempiondan aşağı, Premyer Liqanın yuxarı hissəsində inanılmaz sıxlıq müşahidə olunur. Bunu yalnız pik saatlarda ictimai nəqliyyatdakı sıxlıqla müqayisə etmək olar. İşə tələsən insanların metro və ya avtobusda üzləşdiyi duruma Azərbaycanın dörd klubu düşüb. Onlar da tələsir, həm mükafat almağa, həm də Avropaya. “Sumqayıt”la “Neftçi”nin 50, “Zirə” ilə “Sabah”ın 49 xala malik olması 4 komandanın bir xallıq fərqlə qərarlaşmasından xəbər verir. Belə sıxlığa yalnız çempionatların əvvəlində 1-2, ya 3-4 turdan sonra rast gəlmək olar. Finiş ərəfəsində turnir cədvəlində ardıcıl 4 pillədəki komandaların cəmi 1 xal aralığında qərarlaşması isə nəinki Azərbaycan, dünya futbolu üçün nadir təsadüf olunan hadisədir.

Autsayderləri gözləyən “Sumqayıt”
Hazırda ikinci pillədə qərarlaşan “Sumqayıt”ın qarşıdakı görüşlərinə baxsaq, Samir Abasovun yetirmələrini yetərincə şanslı hesab etmək olar. “Gənclik şəhəri” təmsilçisi 4 matçdan iksində son iki pillədəki komandalarla görüşəcək. Sonuncu olduğu rəsmiləşən “Qəbələ” və elitada yerini qoruyan “Kəpəz”lə matçlar kimi “Səbail” sınağı da sumqayıtlıları ümidləndirir. Bakı klubunun avrokubok ümidi şam kimi əriyir və Sumqayıt səfərinə qədər bitə də bilər. Üstəlik, evdə “Qarabağ”ı da udan Abasovun komandası “dənizçilər”i doğma publika önündə qəbul edəcək. Yeganə çətin duel “Sabah”la “ölüm-qalım” savaşı olacaq.
XXXIII. “Kəpəz” - “Sumqayıt”
XXXIV. “Sumqayıt” - “Səbail”
XXXV. “Sabah” - “Sumqayıt”
XXXVI. “Sumqayıt” - “Qəbələ”

Çempiondan vitse-çempionadək
“Neftçi” üçüncü sırada qərarlaşsa da, son matçların təqvimi yaxşı heç nə vəd etmir. Həm köhnə, həm yeni çempion “Qarabağ”la səfər dueli “ağ-qaralar”ı bir neçə addım geri ata bilər. Üstəlik, çempionlar başlayan dörd oyunluq finiş hissəsi son vitse-çempionla görüşlə tamamlanacaq. “Sabah” isə son vaxtlar “Neftçi” üçün heç də asan rəqib sayılmır. Düzdür, bu iki çətin sınağın ortasında Miodraq Bojoviçin yetirmələrinin “Kəpəz”lə ev, “Səbail”lə səfər qarşılaşması da olacaq. Amma 6 xalın göründüyü bu görüşlərdəki qazanc nəinki gümüş, hətta bürünc üçün də yetərli olmaya bilər.
XXXIII. “Qarabağ” - “Neftçi”
XXXIV. “Neftçi” - “Kəpəz”
XXXV. “Səbail” - “Neftçi”
XXXVI. “Neftçi” - “Sabah”

Yollarla əyani, rəqiblərlə əyani mübarizə
“Zirə”nin özündən öndəki “Sumqayıt” və “Neftçi” ilə oyunu qalmadığından “üçlük”də yer almaq üçün onların büdrəməsini gözləməlidir. Təbii ki, Rəşad Sadıqovun yetirmələrinin özü də mümkün qədər xal toplamalıdır. Amma rəqiblərdən biri çempion “Qarabağ”dır. Ağdam klubunun mövsümdə ikinci dəfə qəsəbə təmsilçisinə uduzacağı real görünməsə də, bakılıların başqa yolu yoxdur. Mövsümə “Səbail”lə ev görüşü ilə yekun vuracaq Zirənin eyniadlı təmsilçisini iki Qərb səfəri gözləyir. “Turan Tovuz” və “Kəpəz” məğlub edilməsi mümkün olan rəqiblər sayılsa da, səfərlər komandanın ümumi finişinə təsir edə bilər.
XXXIII. “Turan Tovuz” - “Zirə”
XXXIV. “Zirə” - “Qarabağ”
XXXV. “Kəpəz” - “Zirə”
XXXVI. “Zirə” - “Səbail”

Möhtəşəm finiş arzusunda
“Sabah” üçün finiş tam fərqli keçəcək. Bakılılar öncə “Araz-Naxçıvan” və “Qəbələ” ilə üz-üzə gələcək ki, Krunoslav Randuliçin yetirmələrinin xal itirməsi onlara baha başa gələ bilər. Son iki tur isə “Sabah” üçün Avropa qiymətində olacaq. Mükafat və avrokubok mübarizəsindəki rəqiblərdən ikisi ilə ardıcıl duellər bütün suallara aydınlıq gətirəcək.
XXXIII. “Araz-Naxçıvan” - “Sabah”
XXXIV. “Qəbələ” - “Sabah”
XXXV. “Sabah” - “Sumqayıt”
XXXVI. “Neftçi” - “Sabah”

Möcüzə axtaranlar
Daha iki komanda mükafatçılar sırasına düşmək və avrokuboklarda oynamaq şanslarını qoruyur. Hərəyə 42 xalı olan “Turan Tovuz”la “Səbail”in böyük fərqi aradan qaldırması real hesab edilmir. Onların 2-3-cü yerlərdən 8, 4-5-ci yerlərdən 7 xal geridə qərarlaşması belə düşünməyə əsas verir. Finişə 4 tur qalmış bir komandayla fərqi aradan qaldırmaq bəlkə də mümkün sayılardı. Amma eyni vaxtda 3-4 rəqibin ardıcıl xal itkilərinə ümid etməyə də dəyməz.

Qeyd edək ki, mövsümə mayın 26-da yekun vurulacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
idman.biz

1Sources