EN

İspaniyada restavrasiya olunmuş 1000 illik qılınc regionun zəngin İslam mədəniyyətini əks etdirir

Bakı, 1 may, AZƏRTAC

Bu yaxınlarda İspaniyada əvvəlki şəklinə salınmış qılıncın regionun zəbt olunmasının çoxlaylı tarixini özündə əks etdirən Pireney yarımadasında İslam dövrünün nadir artefaktına aid olduğu aşkarlanıb. Alimlər silahı Valensiyanın hələ Balansiya adlandırıldığı dövrə aid ediblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, dəmir tiyə X əsrə, Əməvilər xilafətinin Pireney yarımadasına nəzarət etdiyi dövrə aid olunub. Qılınca “Ekskalibur” adı verilib. Silah şaquli şəkildə basdırılmış halda aşkarlanıb. Yəni kral Arturun əfsanəvi qılıncına bənzər vəziyyətdə olub. Bu səbəbdən o, müvafiq adı alıb.

“Qılınc unikal dizayna malikdir. Bu dizayn ona böyük arxeoloji və mədəni irs dəyəri verir”, - deyə şəhər şurasının üzvü Xose Luis Morenonun bəyanatında bildirilir.

Arxeoloq Xose Migel Osuna Valensiyanın metal əşyalar kolleksiyasının daha geniş nümayişi çərçivəsində yeni tədqiqat aparıb. Dəmirdən hazırlanan qısa qılıncın uzunluğu təxminən 18 dyümdür (24,72 santimetr). Bəyanata əsasən, onun tutacağı bürünc lövhəciklərlə və dişəmə ilə bəzədilib. Uc hissəsi yüngülvari əyilib və bu da xronologiyada çaşqınlıq yaradır. Çünki Vestqot qılıncları da eyni formaya sahib idi. Dizayn, ehtimal ki, daha erkən Vestqot modellərini əks etdirir. Xose Migel Osuna və onun həmkarları silahın basdırıldığı çöküntü qatlarını təhlil edərək artefaktın yaşını təsdiqləyiblər.

Silahın kiçik ölçüsü və qardanın olmaması onun Əndəlüs atlısına məxsus olduğunu ehtimal etməyə şərait yaradır. Yalnız bir oxşar silah Kordova ətrafında, Spində aparılan qazıntılar zamanı tapılıb. Bu dövrün arxeoloji tapıntıları ölkədə nadirdir, Valensiyada isə şəhər torpağının xüsusiyyətinə görə daha azdır.

“Pireney yarımadasında İslam dövrü yəhudi, xristian və müsəlman sakinlər arasında gözəl mədəniyyətlərarası mübadilə erası olub. Ehtimal ki, 900-cü ildə Kordova artıq Avropanın nəhəng intellektual mərkəzinə çevrilmişdi. Müsəlman hökmranlığı təxminən 1492-ci ilədək davam edib”, - deyə Metropoliten İncəsənət Muzeyinin veb-saytında qeyd olunur.

Morenonun sözlərinə görə, qılıncın bu yaxınlardakı ekspertizası sayəsində, bu İslam Ekskaliburu”nun timsalında yeni qiymətli əşya və qədim Balansiyanın tarixi irsi əldə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
azertag.az

1Sources