EN

Özbəkistan millisi tarixi uğura imza atdı

23 yaşadək futbolçulardan ibarət Özbəkistan millisi bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, sözügedən komanda buna Qətərdə 23 yaşadək futbolçulardan ibarət milli komandalar arasında təşkil olunmuş Asiya çempionatında finala yüksəlməklə nail olub.

Yarımfinalda İndoneziya yığması ilə qarşılaşan Özbəkistan milli komandası bu rəqibini 2:0 hesabıyla məğlub edib.

Maraqlıdır ki, özbəklər qitə birinciliyində finala qədər qol buraxmadan irəliləyiblər. Sözügedən komanda Asiya çempionatının qrup mərhələsində Malayziyanı 2:0, Küveyti 5:0, Vyetnamı 3:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. 1/4 finalda Səudiyyə Ərəbistanını 2:0 hesabı ilə məğlub etmiş Özbəkistanın sonuncu qurbanı da İndoneziya olub – 2:0.

Özbəkistan millisi Asiya çempionatının finalında Yaponiya yığması ilə üz-üzə gələcək. Hansı ki, bu komanda da yarımfinalda İraq millisini 2:0 hesabıyla üstələyib. Həlledici qarşılaşma mayın 3-də keçiriləcək. Bir gün öncə isə İraq və İndoneziya yığmaları 3-cü yer uğrunda oyunda üz-üzə gələcəklər.

Özbəkistan yığması Asiya çempionatındakı bu tarixi uğuru sayəsində ilk dəfə Yay Olimpiya Oyunlarında iştirak huququ da qazanıb. Bu münasibətlə Özbəkistan prezidenti Şavkat Mirziyoyev də tarixi uğurda pay sahibi olan komanda üzvlərini təbrik edib. Ölkə başçısı öz qapısını toxunulmaz saxlamaqla 14 qola imza atmış futbolçuların bu uğurunu xüsusi vurğulayb və komandanın Asiya çempionatının qalibi olacağına da inandığını bildirib. O, həm finalda, həm də Olimpiadada yığma üzvlərinə uğurlar arzulayıb.

Bahar Rüstəmzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
arena.az

1Sources