EN

"Dünyanın ürəyi Azərbaycan paytaxtında döyünəcək" - MÜNASİBƏT BİLDİRİLDİ

“COP29 tədbirinə Azərbaycanın ev sahibliyi etməsi əslində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və xüsusi çəkisinin bir göstəricisidir. Çünki bu tədbirə ev sahibliyi etmək üçün Azərbaycan dünya ölkələrinin hər birinin müsbət rəyini almalı idi. Bu prosesdə bizə mane ola biləcək tərəf Ermənistan ola bilərdi. Ancaq o da prosesdən kənarda dayandı. Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlar və əldə edilmiş razılaşmalar nəticəsində Ermənistan da Azərbaycanın bu tədbiri keçirməsinə etiraz etmədi və bu ilin noyabr ayında dünyanın ən böyük tədbirinə Azərbaycan ev sahibliyi edəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Deputat sözlərinə belə davam edib: “Bu işə ev sahibliyi etmək üçün Azərbaycanın iqtisadi gücü var, Azərbaycanın infrastruktur potensialı və beynəlxalq aləmdə nüfuzu kifayət qədər böyükdür. Noyabr ayında 80 mindən çox adam iki həftə ərzində Azərbaycanın paytaxtında olacaq. Dünyanın əksər dövlətlərinin rəhbərləri, prezidentləri, baş nazirləri ölkəmizə təşrif buyuracaq və sözün həqiqi mənasında dünyanın ürəyi Azərbaycan paytaxtında döyünəcək.

Nəzərə alsaq ki, bu tədbir BMT-nin iqlim dəyişiklikləri ilə bağlı bir tədbir idi. Adətən ənənəvi enerji potensialına malik olan dövlətlərin belə tədbir keçirməsinə qısqanclıqla yanaşırlar. Ancaq Azərbaycanı bu prosesdə bütün dövlətlər dəstəklədi. Bunun əsas səbəblərindən biri də onunla bağlıdır ki, bəli, Azərbaycan zəngin neft və qaz potensialına malik olsa da belə, amma qeyri-ənənəvi enerji sahəsində də bizim çox mühüm imkanlarımız var. Azərbaycanın çox böyük külək, günəş və hidrogen potensialı mövcuddur. Artıq Azərbaycan Avropa ölkələrinə qeyri-ənənəvi enerji mənbələrinin ixracı ilə bağlı ilkin addımlar atmağa başlayıb. Bu sahədə bu proses başlanıb. Həm də çox mühüm müqavilələr imzalanıb və bütün bunları nəzərə aldıqda görmək olur ki, Azərbaycan həm ənənəvi, həm də qeyri-ənənəvi enerji mənbələrinə malikdir və Azərbaycan bu tədbiri keçirməklə bütün dünyaya belə bir ismarıc verir ki bəli biz iqlim dəyişiklikləri problemlərinə çox ciddi yanaşırıq və bu prosesə öz töhfəmizi vermək istəyirik. Sağlam dünya görmək istəyirik və Azərbaycan da bütün imkanlarını səfərbər edib COP29 tədbiri çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı mühüm qərarların qəbuluna nail olmağı hədəf seçib.

Hesab edirəm ki, bu tədbir çərçivəsində bir sıra mühüm siyasi və hərbi problemlərin müzakirəsi üçün də imkanlar açıla bilər. Nəzərə alsaq ki, həm Rusiya, həm də Ukrayna prezidenti tədbirə dəvət alıb. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğulayıb ki, noyabr ayına qədər biz Ermənistanla sülh müqaviləsinin imzalanmasına çox böyük ümidlər bəsləyirik və bütün bunların reallaşacağı təqdirdə istisna deyildir ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu tədbirə qatıla bilsin. Yəni, zaman hər şeyi göstərəcək. Əsas odur ki, Azərbaycan bu günləri dünyanı narahat edən ən mürəkkəb, ən qəliz problemlərin həlli yollarının tapıldığı bir məkana çevrilib”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
3
sia.az

3Sources