EN

Millinin baş məşqçisi: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

Azərbaycanın gənc boksçularından ibarət milli komandası apreldə Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında 2 qızıl medal qazanıblar.

Yığmanın baş məşqçisi Elbrus Rzayev "FutbolPress"ə açıqlamasında yarışı milli üçün uğurlu adlandırıb:

"Qitə birinciliyi millimiz üçün uğurlu alındı. Komandamızın 2 qızıl medal qazanmasını uğurlu saymaq olar. Bilalhəbaşi Nəzərovla Ömər Aslanlı Himnimizi Xorvatiyada səsləndirməyi bacardı. Məlum olduğu kimi, bu nəticədən sonra komanda hesabında 3-cü olduq. Digər boksçularımızın da şansları var idi. Lakin müəyyən çatışmazlıqlar oldu. Təbii ki, bu çatışazlıqların üzərində işləyəcəyik. Komandamızın potensialı yaxşıdır. Əsas hədəfimiz təbii ki, böyüklərdən ibarət milliyə güclü boksçular yetişdirməkdir".

Rzayev əsas millidə çıxış edə biləcək güclü boksçuların olduğunu qeyd etdi:

"Komandamızdan böyüklərə keçəcək və orada döyüşəcək güclü boksçular var. Lakin hələlik Olimpiya ili olduğunu nəzərə alaraq, təcrübəlilərə etimad göstərilir. Boksçularımız Bakıda “Böyük İpək Yolu” beynəlxalq turnirində də özünü yaxşı tərəfdən göstərməyi bacardı. Həmçinin qarşıdan dünya birinciliyi gəlir. Orda da Himnimizi səsləndirməyə çalışacağıq".

Mütəxəssis böyüklərdən ibarət milli komandanın Avropa çempionatında uğursuz çıxışı barədə də fikirlərini bölüşdü:

"Milli komandada bir müddət əvvəl nəsildəyişmə oldu. Avropa çempionatında buna görə uğurlu çıxış görə bilmədik. Boksçularımız 2 bürünc medal qazandı. Düzdür, püşkdə də bəxtimiz gətirməmişdi. Rəqiblərimiz bir qədər çətin idi. Amma istənilən halda, növbəti yarışlarda uğurlu çıxışa hər birimiz inanırıq".

Hazırda Olimpiya Oyunlarında 3 çəkidə lisenziya qazanan boksçularımızı qarşıda Dünya Olimpiya Təsnifat turniri gözləyir. Elbrus Rzayev bu yarışdan da gözləntilərini açıqladı:

"Çox çətin yarış olacaq. Güclü boksçuların bəzilər hələ də lisenziya qazanmayıblar. Amma İtaliyada olduğu kimi Tailanddan da Olimpiya Oyunlarına vəsiqə qazanacağımıza inanıram".

Məlik Məlikov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources