Belədə “Qəbələ-2”nin baş məşqçisi Famil Xəlilovun bu komandanın çempionluğu haqda fikirlərini ehtiyac duyduq. Onun “Football-plus.az”a söylədikləri:
“Olimpiakos” hələ liqadakı ilk rəqibi “Leççe”ni keçəcəyinə belə inanmırdı. Xatırlayıram ki, bu barədə klubun püşkatma mərasimində iştirak edən nümayəndəsi danışmışdı. Sonradan xarakter göstərərək ardıcıl mərhələlər adlamağı bacardılar. Aramızdakı oyunlar yadımdadı. Kifayət qədər yaxşı oynasaq da, həyəcanlı olduğumuzdan çoxlu səhvə yol vermişdik. İş orasındadı ki, “Olimpiakos”la görüşlərdə qapımıza 5 penalti təyin edildi. Bu məqam diqqətimi cəlb etdiyindən komandanın növbəti oyunlarının taleyini də izlədim. Bəlli oldu ki, onlar qolların çoxunu penaltidən vurur. Anladığım qədər bəzi epizodlarla bağlı baş məşqçinin xüsusi tapşırığı var idi. Futbolçular ilk dəqiqələrdə rəqib üzərində yüksək təzyiq yaradaraq ya qol vurur, ya da penalti qazanaraq istəyinə çatır”.
Famil bəy “Olimpiakos”un çempionluğa tam layiq olduğunu bildirdi:
“Yaxşı idmançı olmaqla yanaşı, yaxşı insanlardı. Yunanıstanda keçirilən oyundan sonra bizi axşam yeməyinə dəvət etmişdilər. Bu ərəfədə 2 saat dopinq-testinə görə vaxtımız getdi. Onlar həmin vaxt ərzində bizi gözləmişdilər. Yorğun olsalar belə, yeməyə toxunmamışdılar. Ümumiyyətlə, bu komanda keyfiyyətli və bacarıqlı futbolçulardan qurulub. Ümumi ab-hava əladı. Baş məşqçi oyunçulardan istədiyini ala bilir. Hiss olunur ki, tapşırıqların yerinə yetirilməsində ciddi problem yoxdu”.
Qeyd edək ki, “Olimpiakos” Gənclər Liqasında “Leççe” (3:1, 3:1), “Qəbələ”, “İnter” (0:0, p. - 6:5), “Lens” (2:2, p. - 4:2), “Bavariya” (3:1), “Nant” (0:0, p. - 3:1) və “Milan” (3:0) kimi rəqibləri mübarizədən kənarlaşdırıb.
KƏNAN BAHADIR