“Əsas olan görüşün harada keçirilməsindən asılı olmayaraq ev sahibinin bitərəfliyini qoruyub saxlamasıdır. Həmçinin danışıqlar prosesinə də müdaxilə edilməməlidir. Qazaxıstanın timsalında buna şahidlik edəcəyik. Təbii ki, Qazaxıstan türk dünyasının bir parçası olaraq bizə daha yaxındır. Bu baxımdan növbəti görüşün Qazaxıstanda olması bizim də maraqlarımıza cavab verir. Hadisələr və keçən dövrün təcrübəsi onu göstərdi ki, kənar müdaxilə olmadan keçirilən ikitərəfli müzakirələrdə tərəflər daha tez ortaq məxrəcə gəlir. Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır. Xüsusilə də son dövrlərdə Qazaxıstanın ABŞ və Avropa İttifaqı ilə ikitərəfli müzakirələri onu deməyə əsas verir ki, Qazaxıstan da daxil olmaqla bu ölkələr öz iqtisadiyyatının şaxələndirilməsi üçün alternativ bazarlar axtarışındadır. Məlumdur ki, Qazaxıstan öz təbii ehtiyatlarını böyük ölçüdə Rusiya vasitəsilə ixrac edir”.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan üzərindən Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxış imkanları əldə etmək Qazaxıstan üçün olduqca əhəmiyyətlidir:
“Qazaxıstan prezidenti həm Azərbaycana, həm də Ermənistana səfəri zamanı sülh prosesinə təsdiq verməyə hazır olduğunu ifadə edib. Almatıda keçiriləcək görüşdə əsas məsələ artıq başlanmış prosesin, yəni delimitasiya işinin davam etdirilməsi istiqamətində səylərin artırılması olacaq. Danışıqların əsas predmetinin məhz nəqliyyat kommunikasiya xətlərinin blokadadan çıxarılması olacağını düşünürəm. Çünki bu məsələ birbaşa Qazaxıstanın da marağındadır. Keçiriləcək görüşün müsbət nəticələri olacağına inamlar kifayət qədərdir. Görüşün Qazaxıstanda keçirilməsinin digər bir müsbət cəhəti də ondan ibarətdir ki, Qazaxıstan son dövrlərdə ABŞ və Avropa İttifaqı ilə yanaşı Rusiya ilə də kifayət qədər yaxşı münasibətlər saxlayır. Belə olduğu halda prosesdə ev sahibliyi etməsi nə Qərbin, nə də Rusiyanın qısqanclığına səbəb olacaq. Kifayət qədər məhsuldar və ümidverici görüş olacağı qənaətindəyəm”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.