Ermənistanda Azərbaycanla delimitasiya məsələləri, o cümlədən, Qazaxın dörd kəndinin geri qaytarılması ilə başlanmış isterik durum bütün hədləri aşmaqdadır. Baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr xeyli aktivləşiblər. Bu aktivləşmənin iki əsas, bir yardımçı qütbü nəzərə çarpmaqdadır. Birincisi ordu, ikincisi kilsə. Yardımçı qütbə gəlincə, bu, xaricdəki erməni lobbi və diaspor təşkilatlarıdır.
Deməli, Ermənistandakı revanşistlər “Vətən naminə Tavuş” hərəkatına start veriblər. Onlar şüar şəklində bildirirlər ki, “belə getsə, tezliklə sərhəd dirəkləri İrəvanda basdırılacaq”. Eyni zamanda, paytaxt küçələrində Azərbaycanla sərhəddə qoyulmuş ilk sərhəd dirəyinin maketləri nümayiş etdirilir, ölkəmizlə bağlı aqressiv ritorikanın daha da gücləndirilməsinə çalışılır. Hadisələr 1988-ci ili xatırladır. O zaman başıpozuq millətçilər “Miatsum” adlanan hərəkat yaratmışdılar. Hərəkatın məqsədi Qarabağın Ermənistana birləşdirilməsi idi. Hazırda “Miatsum” tarixin zibilliyindədir. Bu mənada “Vətən naminə Tavuş” da ölü doğulmuş körpədir. Sadəcə olaraq, kilsənin başçılıq etdiyi, ideoloji motivlərlə silahlandırdığı revanşistlər onu obrazlı desək, süni nəfəs aparatına qoşublar. Ümid bəsləyirlər ki, sağ qalacaq.
Bəli, Ermənistan – Azərbaycan sərhədindəki Kirants kəndi ərazisində dövlətlərarası avtomobil yolunun bağlanması ilə ifadə olunan narazılığın tərəfdarları bir neçə gün ərzində xeyli çoxalıb. Aksiyalar zamanı onlarla insan saxlanılıb. Bəzi siyasi analitiklər mövcud fonda baş verənləri “üsyan” kimi qiymətləndirərək, qeyd edirlər ki, hərəkat hələlik yerli xarakter daşısa da, hakimiyyətin reputasiyasına zərbə vura bilər.
Üstəlik, etirazların ciddi miqyas ala bilmək pesrpektivi də nəzərdən keçirilir. Kilsə amilini nəzərə alsaq, hərəkata erməni apostol kilsəsinin yüksək rütbəli nümayəndələrinin rəhbərliyi adi sayıla bilməz. Onu da nəzərə alaq ki, hakimiyyətlə kilsə arasında münasibətlər korlanıb. O kilsə ilə ki, həm erməni şovinist-revanşizminin ilhamvericisi qismində çıxış edir, həm də hazırkı xəstə cəmiyyətin maraqlarının müdafiəçisi obrazına malikdir.
Bununla belə, siyasi analitiklər Ermənistandakı narazılıqların o qədər də böyük potensiala malik olmadığını vurğulayırlar. Onlar anti-Paşinyan ritorikasının ümummilli xarakter daşımaq potensialından uzaqlığını vurğulayırlar. Hətta, narazılıq dalğasının bumeranq effekti yaradaraq, hakimiyyətin öz mövqeyini gücləndirəcəyini söyləyənlər də var. Sonuncuların fikri budur: Paşinyan və komandası hazırkı iqtidara qarşı çıxan qüv-vələrə bütün potensiallarını xərcləmək üçün imkan yaradır ki, axırıncı güllələrini atsınlar. Bütün bunların fonunda siyasi müxalifətin, faktiki olaraq, iflasa uğradığını söyləmək mümkündür.
Bəli, erməni kilsəsi mövcud vəziyyətdə öz mövqeyini mümkün qədər aydın bildirməyə qərar verib. İndi bir çox keşişlərin narazılıq dalğasında təmsilçiliyini düşünsək, Ermənistanda, belə demək mümkünsə, ayrıca kilsə müxalifətinin formalaşdığını söyləmək yerinə düşər. Diqqət yetirək, hazırda Ermənistandakı bir çox hökumətyönlü teleqram kanalları, az qala, ən nalayiq ifadələrlə kilsəni tənqid edirlər. Bu cür təbliğatın, yəni, “qurşaqdan aşağı zərbələr”in isə hakimiyyətin əleyhinə işləmə ehtimalı var. Həm də ona görə ki, prinsip etibarilə, kilsə Ermənistan üçün uzunmüddətli amildir, onun öndə olduğu proseslər davamlı hadisələr silsiləsi kimi qəbul edilir.
***
Vurğuladığımız kimi, Ermənistanda kəndlərin Azərbaycana qaytarılması, sərhəd dirəklərinin quraşdırılması məsələsəndəki narazılıqların ikinci qütbündə ordu dayanır. Nəzərə alaq ki, proseslərə hərbi qulluqçular da qoşulublar. Hazırda ölkədə yaşananlar 2018-ci ili xatırladır. O zaman hərbçilər hökumət əleyhinə etirazlarda yer alırdılar. Deməli, kilsə ilə yanaşı, ordunun da siyasi proseslərdə iştirakı məsələsi aktuallaşır.
Haşiyə çıxaq ki, 2018-ci ildə aksiyalara sülhməramlı batalyonun qoşulması (bu, Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb oldu – red.) və kifayət qədər mərkəzləşdirilmiş hadisə idi. Görünür, mövcud amil nəzərə alınıb və bu səbəbdən hazırda Ermənistanda aksiyalara qoşulan hərbçilər məhkəmə yolu ilə hədələnir, cəzalandırılır və s. Lakin durum 2018-ci ildəki vəziyyətdən məhz onunla fərqlənir ki, indi yaşananlar mərkəzləşdirilmiş etiraz aksiyaları şəklində deyil.
Ümumən, haqqında söz açdığımız ordu amili məsələsindəki vəziyyət belədir ki, bir qrup hərbçi sərhədlərin delimitasiyasına etiraz edən narazı kütlə ilə həmrəyliyini göstərir. Həmin qrupda yer alanların bu addımı uzun müddətdir davam edən hərbi çevrilişlə bağlı müzakirələri aktivləşdirib. Silahlı qüvvələr içərisində baş nazirə qarşı narazı zabit heyətinin olduğu və həmin heyətin hakimiyəti devirmək üçün fürsət gözlədiyi aydındır.
Nikol və onun təyin etdiyi müdafiə nazirləri orduya tam nəzarəti gerçəkləşdirə bilmirlər. Səbəb sadədir – orduda Qarabağ klanının qalıqları həddən artıq çoxdur. Bu çoxluq 1998-ci ildən bəri gedən prosesdir. Çünki klan həmişə özünü Ermənistan siyasi industriyasına yad hesab edib. Ona qarşı ölkə daxilində antipatiya olub. Qarabağ klanının təmsilçiləri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan özlərinə qarşı narazılığın fərqinə vardıqlarından çalışıblar ki, ordunu əldə möhkəm saxlasınlar. Bunun yolu isə hərbi sistemə öz kadrlarını yerləşdirmək idi.
Məhz dediklərimizə görədir ki, hazırda ordu N.Paşinyan hakimiyyətinin ən yaralı yeridir. Ermənistanın mövcud hakimiyyəti nə qədər çalışsa da, bu sahədəki islahatlar əməli nəticə vermir. Əslində, bu məqam subliminal şəkildə ABŞ Dövlət Departamentinin bir neçə gün əvvəl açıqlanmış hesabatında da vurğulanıb. Hesabatda hərbi sistemdə insan hüquq və azadlıqlarına etinasız yanaşmaların baş alıb getdiyi vurğulansa da, aydındır ki, belə hallara görə erməni iqtidarının pislənməsindəki motiv başqadır. Yəni, Qərb Paşinyana silahlı qüvvələri qaydaya salmaqla əlaqədar mesaj verir. Görünür, Nikolun xaricdəki hamiləri onun zəif yerini, kifayət qədər, yaxşı təhlil edirlər. Qərbdə anlayırlar ki, Ermənistan ordusu Paşinyan iqtidarı üçün hər an partlamağa hazır bombadır.
Əlbəttə, ordunun ayrıca müstəqil orqanizm kimi istədiyini gerçəkləşdirə bilmək potensialının olmadığını vurğulamalıyıq. Deməli, haqqında söz açdığımız kilsə amili dövriyyəyə girməlidir və girir də. Nəzərə alaq ki, Ermənistan iqtidarının hakimiyyətdə olduğu müddətdə dəyişmək üçün qol çırmamağı bacarmadığı sahələrdən biri də məhz kilsədir.
***
Paşinyan iqtidarının xaricdəki erməni lobbi və diaspor təşkilatlarına təsir iradəsi də yoxdur. Bu tendensiya özünü son zamanlar daha qabarıq formada göstərməkdədir. Nəzərə alaq ki, əvvəlki Ermənistan hakimiyyətləri ilə lobbi və diaspor arasında dərin bağ, birgə fəaliyyət kursu var idi. Hazırda bu kursdan əsər-əlamət qalmayıb. İkincilər Nikolu və komandasını ölkənin maraq və mənafelərini qoruya bilməməkdə təqsirləndirirlər. Buna görə də hazırda ona qarşı çıxan qüvvələrin ordu və kilsə təmayülü ilə yanaşı, diaspor qütbü də var. Məlum olduğu kimi, bu qütb qondarma “erməni soyqırımı”nın bir neçə gün əvvəl qeyd olunmuş növbəti ildönümü ilə bağlı fəallıq nümayiş etdirdi. Ermənistan hakimiyyətinin yanaşması, xüsusən də “erməni soyqırımı” xüsusunda ortaya atdığı mübahisələndirici diskurs xaricdəkiləri qəzəbləndirdi.
Diqqətə çatdırdıqlarımızın fonunda Ermənistandakı durumun gərginliyini vurğulamalıyıq. Onu da bir daha bildirməliyik ki, hazırda delimitasiya və kəndlərin Azərbaycana qaytarılması müstəvisində başlanmış etirazların ümummilli xarakter alacağını söyləmək mümkünsüzdür. Mövcud qeyri-müəyyənlik şəraitində Paşinyan iqtidarının istədiyini reallaşdırması perspektivi daha real görünür. Necə deyərlər, it hürər, karvan keçər.
Ə.RÜSTƏMOVXQ