Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Stirlinq Fondunun prezidenti və idarə heyətinin direktoru Mayls Hansen ilə görüşüb.
Görüşdə Komitənin sədri qeyd edib ki, dünyəvi dövlət olan Azərbaycanın dini konfessiyalara münasibətində bərabərlik prinsipi mütləq mənada qorunur. 37-si qeyri-islam təmayüllü olmaqla dövlət qeydiyyatına alınan 995 dini icmanın fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməklə yanaşı, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır.
Stirlinq Fondunun prezidenti Mayls Hansen ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olduğunu vurğulayıb. Fondun Azərbaycanda həyata keçirdiyi işlərə toxunan qonaq, eyni zamanda, Briqam Yanq Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın inkişaf perspektivlərinə diqqət çəkib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dageniş fikir mübadiləsi aparılıb.
XQ