EN

ABŞ-dan Azərbaycana zəng: Uğurlu xarici siyasətimiz qarşısında geriyə addım

Noyabrın 27-də Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Həmsöhbətlər regional vəziyyətlə bağlı məsələləri, eləcə də ikitərəfli münasibətlərin gündəliyini müzakirə ediblər. Danışıqlarda xüsusilə Ermənistan-Azərbaycan əlaqələrinin nizamlanması prosesinə toxunulub. Dövlət başçımız bildirib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin sentyabrın 11-də Ermənistana təqdim etdiyi təklifləri Paşinyan hökuməti noyabrın 21-də cavablandırıb. Beləliklə, İrəvan mövqeyini sərgiləməkdə 70 gün gecikib. Bu isə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi də aparıblar. Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin təmaslarla bağlı yaydığı məlumatda o da bildirilib ki, İlham Əliyev ABŞ tərəfindən Azərbaycanla bağlı verilən son bəyanatları, eləcə də atılan qeyri-dost addımları xatırladıb. Prezident 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini vurğulayıb. Baş verənlərin Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurduğunu diqqətə çatdırıb. Bundan sonra Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev isə həmin təkliflə bir şərtlə razılaşıb ki, bu ziyarətdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi bunu qəbul edib.

Blinkenin bu zəngi və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq cəhdləri isə kifayət qədər diqqətçəkəndir. Çünki cəmi bir neçə gün əvvəl USAID-ın (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer 23 saatlıq antiterror tədbirləri nəticəsində 100 min erməninin Qarabağı tərk etdiyini və ABŞ-ın onlarla həmrəy olduğunu bəyan etmişdi. Üstəlik, Pauerin regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşmüş, lakin Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bir araya gəlməkdən imtina etmişdi. Digər tərəfdən, ABŞ-ın Lemkin adına Soyqırımının Qarşısının Alınması İnstitutu kimi qurumları öz hesabatlarında guya Azərbaycanın yaxın həftələrdə Ermənistana təcavüz edəcəyini yazmışdılar. Dövlət Departamenti isə İrəvanın suverenliyi və ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasının ciddi nəticələrə səbəb olacağını vurğulamışdı. Bir sözlə, Qafqazda 30 illik işğala faktiki olaraq göz yuman, vasitəçi kimi münaqişənin həllinə töhfə verməyən Vaşinqton Ermənistanın suverenliyi və ərazi bütövlüyünün "qətiyyətli" dəstəkçisinə çevrilmişdi. Sözsüz ki, Qərb Cənubi Qafqaza sağlam niyyətlə yox, özünün neoimperialist təfəkkürü ilə yanaşırdı. Bu baxımdan, Bakıya qarşı qərəzli açıqlamaları reallıqdan uzaq olmaqla yanaşı, həm də absurd idi. Hətta bəyanatların verildiyi dövrdə suallar ortaya çıxmışdı ki, Rusiyanın legitim forpostu, hərbi müttəfiqi olan Ermənistan necə Amerikanın tərəfdaşı, hətta dostu ola bilər? Elə buna görə də İrəvanda belə Vaşinqtonun bəyanatlarına, vədlərinə inanmırdılar. İndi isə görürük ki, ermənilərin qorxduğu ssenari reallaşıb. Əslində başqa cür ola da bilməzdi. Çünki Azərbaycan 30 il əvvəlki vəziyyətində deyil. Ölkəmiz ərazi bütövlüyünü, Konstitusiya quruluşunu tam bərpa etməklə bölgədə separatizmin sonunu gətirib. Rəsmi Bakı Cənubi Qafqazda yeni reallıq formalaşdırıb. Buna görə də Ağ Ev Azərbaycanla təzyiq dilində danışa bilməyəcəyini anladığı üçün geri addım atıb. Dövlət katibi Antoni Blinkenin İlham Əliyevə zəngi də Birləşmiş Ştatların Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini təsdiq edir. Vaşinqton son zəngi ilə bir növ Azərbaycanla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu nümayiş etdirdi. Rəsmi Bakının da buna yanaşması adekvat olacaq. Əgər Azərbaycanın suverenliyinə sayğı nümayiş etdiriləcəksə, ölkənin daxili işlərinə qarışılmayacaqsa, şübhəsiz ki, ölkəmiz hər zaman əməkdaşlığa hazırdır. Dövlətimiz xarici ölkələrlə faydalı əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Buna görə də əgər Ağ Evin qərəzli mövqeyi aradan qalxarsa, iki ölkə arasında münasibətlərin yenidən inkişaf edəcəyi istisna deyil.

Jalə QASIMZADƏ,

"Respublika".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
718
50
respublika-news.az

10Sources