EN

Metropoliten COP29-a yüksək səviyyədə xidmət göstərəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə əlaqədar Bakı Metropolitenində silsilə tədbirlərin davamı kimi bir sıra naviqasiya, o cümlədən təbliğat işlərinə başlanılıb.

“Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, COP29 Əməliyyat Şirkətinin təqdimatında stansiyalarda tədbirin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdıran sosial xarakterli reklam posterlərinin yerləşdirilməsi və monitorlarda yayımı həyata keçirilir. Posterlərdə COP29 mövzusuna uyğun olaraq dünyamızı qorumaq naminə çağırışlar yer alıb.

Bununla yanaşı, stansiya yollarında istiqamət göstəricilərində konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi “Koroğlu” stansiyasının nişanı üzərinə COP29-un loqotipi olan məlumat lövhələri yerləşdirilib. Bundan da əsas məqsəd iştirakçıların, xüsusən Bakı Metropolitenindən az istifadə edən şəxslərin, eləcə də əcnəbilərin səmti rahatlıqla müəyyən etməsinə dəstək olmaqdır.

Qurumun məlumatında bildirilir ki, COP29 Əməliyyat Şirkəti ilə birgə silsilə tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. “Koroğlu” stansiyasında sosial posterlərin yerləşdirilməsi ilə yanaşı, tədbir iştirakçılarının Bakı Olimpiya Stadionuna yolunu daha da asanlaşdıran səmt göstəricilərinin yerləşdirilməsi işləri də aparılacaq.

Bütün bunlarla yanaşı, COP29 tədbirinin iştirakçılarına dəstək məqsədilə metropolitendə Əməliyyat Şirkətinin seçimi və təşkilati dəstəyi əsasında könüllülərin fəaliyyəti də təmin ediləcək.

Chosen
14
22
xalqqazeti.az

10Sources