"London mənim evimdir, amma hazırda "Fənərbaxça" üçün buradayam".Metbuat.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo İngiltərə mətbuatına verdiyi açıqlamasında qeyd edib. O bildirib ki, "Premyer Liqa"ya mütləq qayıdacaq, lakin indiki və növbəti mövsüm "Fənərbaxça"da qalacaq. Avropa kuboklarında VAR qərarları ilə bağlı danışan Mourinyo haqsızlıqla qarşılaşdıqlarını dilə gətirib: "Lillə qarşı 94-cü dəqiqədə VAR penalti qərarı verərək Çempionlar Liqasından kənarlaşdırdı. Bu həftə isə stadiona toplaşan hər kəs "penalti" qışqırdığı zaman VAR müdaxilə etmədi, sonra mən qırmızı kart aldım. Bu, qazanmamın mümkünsüz olduğu bir mübarizədir", - sözlərini işlədib."10 ildir uğur yoxdur""Fənərbaxça"nın 10 ildir çempion ola bilmədiyini vurğulayan Mourinyo "10 ildir ki, uğur yoxdur. Prezident əladır, azarkeşlər yaxşıdır, futbolçular da yaxşıdır, tarix isə mükəmməldir, amma 10 ildir ki, çempionluq yoxdur. Bu barədə çox danışmayacağam. Sadəcə Lill və Qalatasarayla məğlub olmuşuq. Burada qalib tərəf dünyanın ən yaxşısı, məğlub isə dünyanın ən pis komandası kimi qiymətləndirilir", - dedi.Özünə xüsusi münasibət gözləmədiyini vurğulayan Mourinyo, "Mənə də hər kəs kimi davranılmalıdır. Sahədə Lionel Messi olmaq və ya ilk oyununa çıxmağın fərqi yoxdur. Qaydalar Messi üçün də, gənc futbolçu üçün də eynidir. Bu, məşqçilər üçün də keçərlidir. Karlo Ançelotti olsan da, gənc məşqçi olsan da fərq etməz. Ançelotti və gənc məşqçi eyni rəftarı haqq edir. Özüm üçün də bunu istəyirəm. Xüsusi münasibət istəmirəm, sadəcə ədalətli davranılmasını istəyirəm. Budapeştdəki finaldan bəri bu daha da çətinləşib," dedi."Karyeramın aşağı zamanında deyiləm"Premyer Liqada yalnız qalmaq uğrunda mübarizə aparan bir komandada işləməyəcəyini deyən təcrübəli mütəxəssis "Avropada olmamaq barədə zarafat etdim. Sadəcə aşağı liqada qalmaq uğrunda oynayan bir komandada işləməyəcəyəm. Bu mənim üçün mümkün deyil. Üzr istəyirəm, amma karyeramın pis bir mərhələsində deyiləm. Hazırda Avropa kuboklarında iştirak etdiyim xoşbəxt bir dövrdəyəm. Aşağı liqada qalmaq uğrunda oynamaq fərqlidir. Bu emosional olaraq çox çətindir, çünki həyatları dəyişdirən bir hadisədir. Bunu yalnız cəsarətli insanlar edə bilər," dedi."İstanbul möhtəşəm şəhərdir"Mourinyo İstanbulda yaşamaqdan zövq aldığını bu sözlərlə ifadə edib: "İstanbul möhtəşəm bir şəhərdir. Avropada yaşayıram və hər gün Asiyaya keçirəm. Məşqdən sonra yatmaq üçün Avropaya qayıdıram. Londonda "Çelsi"nin məşqlərinə getməkdən daha asan şəkildə İstanbuldakı təlim mərkəzinə gedirəm. Bir neçə dəfə təlim mərkəzində qalmışam. Bu adi bir haldır. Əzmkarlığımı və istəklərimi itirməməliyəm. "Real Madrid"də çalışarkən Sir Aleksin "Old Trafford"da məni dəvət etdiyi vaxtları xatırlayıram. "Mançester Yunayted"ə qarşı oynamaq bir zövq idi".