EN

Qərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar - Vüqar Rəhimzadə

Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının qalib gəlməsidir. Seçkilərin nəticələri bir daha göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq. Hər bir ölkənin həyatında seçkilər mühüm rol oynayır. Bu, prosesin demokratikliyində, şəffaflığında, bunların əsasında xalqın iradəsini əks etdirən nəticənin əldə edilməsində özünün aydın ifadəsini tapır. Cənubi Qafqaz ölkələrində keçirilən seçkilər bir qayda olaraq Azərbaycanın və Gürcüstanın müstəqil siyasət yürütdüyünü nümayiş etdirdiyi halda, bu proses hər zaman Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını, bu və ya digər dövlətin maraqlarının müdafiəçisi olduğunu təsdiqləyir. Bu baxımdan hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbədir. Bu fikir gürcü politoloqları tərəfindən də etiraf edilir ki, bu gün Gürcüstan-Azərbaycan birliyi mövcuddur və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur. Onu da qeyd edək ki, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımız yaşadıqları bölgələrdə seçkilərdə yüksək fəallıq nümayiş etdirərək hakim partiyanın qələbəsinə dəstək oldular. Bu dəstək özündə bütün məqamları açıqladı. Bu, gələcəkdə Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin daha da möhkəmlənməsində əsas faktorlardan biridir. Çünki Azərbaycan və Gürcüstan tarixən bir-biri ilə sıx bağlı olan ölkələrdir. Bu birlik regionda dayanıqlı iqtisadi inkişafı, sabitliyi şərtləndirir.

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, seçkilərin nəticələri başqa cür olsaydı, Qərbin dəstəklədiyi namizədlər vasitəsilə Gürcüstanda, bütövlükdə regionda yeni bir cəbhə açmaq, bölgəni xarici qüvvələrin təsiri altına almaq siyasəti həyata keçirilə bilərdi:

"Lakin bu planlar baş tutmadı. Gürcüstan xalqının iradəsinə əsaslanan seçkilər bir daha təsdiqlədi ki, qonşu ölkə öz milli maraqlarını qorumağa davam edir. Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyib. Hətta müşahidə aparan ATƏT də ciddi nöqsan tapmayıb. Amma bununla belə, Qərb dövlətləri Gürcüstana qarşı açıq şəkildə təhdid və təzyiqə başlayıblar. ABŞ Dövlət katibi Antoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel seçkilərdəki "pozuntuları araşdırmağa" çağırıblar. Böyük Britaniya XİN-i də "seçkilərdəki mümkün pozuntuları araşdırmağa" çağırıb. ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller isə daha da uzağa gedərək bildirir ki, Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində "seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər" olduğunu iddia edir. Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və Birləşmiş Ştatların proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıblar. Əslində Qərb bununla növbəti dəfə özünü ifşa edir. Gürcüstanın daxili işlərinə müdaxilə cəhdləri bir daha təsdiqləyir ki, Qərb üçün demokratiya öz maraqlarını reallaşdırmaq üçün vasitədir".

Vüqar Rəhimzadə bildirib ki, bu gün Gürcüstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Daim regionda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan Azərbaycan bunun üçün üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirir. Azərbaycanın birmənalı dəstəyi, Gürcüstanda yaşayan azərbaycanlıların seçki prosesində nümayiş etdirdiyi yüksək fəallıq da bunun bariz nümunəsidir.

Millət vəkili qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə siyasi iradəsi əsasında reallığa çevrilən qlobal layihələr regional əməkdaşlığın möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

"Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu üçlüyün daha da möhkəmlənməsində öz sözünü deyir. Azərbaycan istər Şimal-Cənub, istərsə də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə Asiyadan Avropaya daşınan yüklərin Gürcüstandan tranzit keçməsində maraqlıdır. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Çindən və digər Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə nəql olunan yüklər Azərbaycandan keçərək Gürcüstanın Qara dənizdəki limanlarına çatdırılır. Azərbaycanın tranzit imkanları əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu imkanlar həm ölkəmizə iqtisadi, həm də siyasi dividendlər qazandırır. Ermənistan qeyri-konstruktiv siyasəti ilə bu layihələrdən kənarda qalır. Müstəqilliyi formaq xarakter daşıyan bir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır", - o əlavə edib.

Vüqar Rəhimzadə bildirib ki, seçkilərdən sonra Gürcüstanda kütləvi aksiyaların keçirilməsi öncədən hazırlanan planın əsas tərkib hissələrindən biridir: "Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, müxalif partiyalar bu gün açıq-aşkar ölkədə qarşıdurma yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan etsə də bunu əsaslandıra bilmir. Seçkilərin nəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərb region dövlətlərinin daxili işlərinə müdaxilə etməyə çalışsa da bunun mümkünsüzlüyünün şahidinə çevrildi. Siyasətində müstəqil olan dövlətlər daim milli maraqlarını, xalqın iradəsini öndə saxlayır. Azərbaycan və Gürcüstan müstəqil siyasətləri ilə bölgədə vəziyyətin gərginləşdirilməsinə yönələn addımların qarşısını hər zaman qətiyyətlə alır və şübhəsiz, bundan sonra da belə olacaqdır".

Chosen
10
6
day.az

7Sources