İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan 43 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur.
Qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.
Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunaraq maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir.
www.anews.az