Livanın “Hizbullah” hərəkatının Qanunvericilik Şurasının nümayəndələri Naim Kasemi yeni baş katib seçiblər. Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bundan əvvəl N.Kasem hərəkatın baş katibinin birinci müavini vəzifəsində çalışıb.
Bu təyinat “Hizbullah”ın gələcək fəaliyyətinə, hazırda İsraillə qanlı münaqişənin taleyinə necə təsir edəcək? Yeni baş katibin əsas hədəfləri nə olacaq?
Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Naim Kasemi “Hizbullah”ın yaradıcılarından biridir.
Onun sözlərinə görə, N.Kasemi 1953-cü ildə Beyrutda anadan olub və “Hizbullah”ın baş ideoloqu Məhəmməd Hüseyn Fəzlullahın tələbələrindən sayılır: “Kasemi tələbə vaxtı da islam yönlü hərəkatların fəal üzvlərindən olub. 1991-ci ildə “Hizbullah”ın o zamankı baş katibi tərəfindən indiki tutduğu vəzifəyə təyin olunub. “Hizbullah”ın aparıcı qüvvələrindən sayılır. Səfiəddin Haşimi “Hizbullah”ın baş katibi təyin olunanda Naim Kasemi bəyan etmişdi ki, hələ təşkilat özünə baş katib seçməyib. Fikrimcə, bu, “Hizbullah” daxilində fikir ayrılığının olduğunu göstərir. Hesab edirəm ki, “Hizbullah” bundan sonra fəaliyyətini daha əvəliki səviyyədə davam etdirə bilməyəcək. Bu məsələ bir az şübhəlidir. Çünki “Hizbullah”ın əsas aparıcı qüvvələri, xüsüsən Həsən Nəsurullah sıradan çıxarılıb. Bu isə təşkilatın daxilində fikir ayrılıqlarına, avtoritet, nüfuz məsələlərinə müəyyən təzyiq göstərə bilər”.
Siyasi şərhçi vurğulayıb ki, “Hizbullah” İrandan artıq əvvəlki səviyyədə maliyyə yardımı almır: “Bu da təşkilatın fəaliyyətinə mənfi təsir göstərən amillərdəndir. Əgər İran “Hizbullah”a əvvəlki şəkildə və ya bir az da artıq maliyə yardımı ayırarsa, o halda təşkilatın fəaliyyəti güclənə bilər, yaxud özünə əlavə qüvvələr cəlb edər. Amma Naim Kasemi beynəlxalq aləmdə Həsən Nəsurullah kimi nüfuza malik deyil. Bu amilin özü də “Hizbullah”ın fəaliyyətinə təsir edəcək. Digər tərəfdən, Naim Kasemin yaşının bir qədər artıq olması da onun aktiv fəaliyyətinə mənfi təsir götərə bilər. Bütün hallarda hesab edirəm ki, “Hizbullah”ın perespetkiv fəaliyyəti əvvəlkindən zəif olacaq. Onu Naim Kasemi də gücləndirə bilməyəcək”.
Nailə QASIMOVA