Xəbər verildiyi kimi, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
FHN-dən APA-ya verilən məlumata görə, oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür.