EN

Qəzzada ciddi uşaq həkimi çatışmazlığı var- Qəzza Səhiyyə Nazirliyi

Bakı, TurkicWorld

İsrail ordusunun səhiyyə işçiləri də daxil olmaqla bir çox insanı basqıda saxladığı Qəzza Kemal Advan xəstəxanasında hazırda uşaqlar üçün həkim heyəti yox dərəcəsindədir.

TurkicWorld xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.

Açıqlamada, İsrailin Qəzza zolağının şimalında yerləşən Kemal Advan Xəstəxanasında bütün tibb işçilərini didərgin saldıqdan sonra xəstəxanada yalnız bir uşaq həkiminin qaldığı bildirilib.

Qəzza Səhiyyə Nazirliyi beynəlxalq qurumlara, xüsusilə də BMT və digər humanitar təşkilatlara, Kemal Advan xəstəxanasına dərhal həkimlər və tibb işçiləri göndərməyə çağırış edib.

Eyni zamanda, İsrail ordusunun Qəzzanın şimalında, xüsusilə Cibaliya Qaçqın Düşərgəsində fələstinliləri köç etməyə məcbur etmək məqsədilə intensiv hava hücumları həyata keçirdiyi bildirilir.

Bu addım, İsrail mətbuatında "generalların planı" olaraq adlandırılan bir strategiya çərçivəsində, israillilər üçün yeni məskunlaşma yerləri hazırlamaq məqsədini güdür.

İsrail Ordusunun sözçüsü Aviçay Adraee, oktyabrın 7-də sosial media hesabında Qəzza zolağının şimalında, xüsusilə Beyt Hanun, Cibaliya və Beyt Lahiyadakı fələstinlilərə xəbərdarlıq edərək, bu ərazilərin boşaldılması üçün müvafiq tədbirlərin alınması lazım olduğunu vurğulayıb. Eyni zamanda, boşaldılması planlaşdırılan ərazilərin xəritəsini paylaşaraq mülki əhalini bu bölgələri tərk etməyə çağırıb.

Adrainin paylaşdığı xəritənin, "generalların planı" ilə oxşar olması, İsrail ordusunun Qəzzanın şimalından fələstinlilərin köçürülməsi ilə bağlı strateji yanaşmasını ortaya qoyur.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17,210-u uşaq, 11,742-si qadın olmaqla 42,924 fələstinli həyatını itirib, 100,833 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə cəsəd olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin də hədəf alındığı, mülki infrastrukturun məhv edildiyi qeyd edilib.

Chosen
13
turkic.world

1Sources