EN

Azər Zeynalov: "Şahlar Quliyevi 200 yaşında da itirsəydim, mənim üçün ağır olardı"

"Bizim üçün çox üzücü bir gün oldu. Şahlar müəllim bizim teatrımızın görkəmli simalarından idi. Mən teatra ilk gəldiyim zamanlardan Şahlar müəllimlə bir yerdə fəaliyyətə başlamışdım. "Arşın mal alan", "Sevil", "Məzhəkəçilər", "O olmasın, bu olsun" operalarında və digər tamaşalarda onunla bir yerdə çalışmışdıq".

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, professor Azər Zeynalov deyib.

"Biz nəinki sənət yoldaşı, hətta dost-qardaş idik. Bir qədər yaş fərqimiz olsa da, Şahlar müəllim özündən kiçiklərlə də dostluq etməyi bacaran insan idi. Çox nəcib, gözəl ailə başçısı, yaxşı dost idi. Bir sözlə, Şahlar müəllimi mən 200 yaşında da itirsəydim, mənim üçün ağır olardı. Mən bilirəm ki, onun ailəsi və sənət dostları bu itkini əzablı bir hadisə kimi hiss edirlər. Ona görə də bu gün bu xəbəri eşidəndən heç birimiz özümüzə yer tapa bilmirik", - professor deyib.

Xalq artisti bildirib ki, onlar üçün yeganə təsəlli odur ki, Şahlar Quliyev Azərbaycan incəsənətində xeyli iş görüb, uğurlu fəaliyyət sərgiləyib:

"Hesab edirəm ki, ona pərəstiş edən tamaşaçıları, yolunu davam etdirən ifaçılar var. Bu, bizim yeganə təsəllimizdir. Allah rəhmət etsin!"

Xatırladaq ki, Xalq artisti, opera ifaçısı Şahlar Quliyev oktyabrın 26-da 78 yaşında dünyasını dəyişib.

"Cebheinfo.az"

Chosen
8
1
cebheinfo.az

2Sources