EN

Saakaşvili Gürcüstan azərbaycanlılarına müraciət etdi: "Heç nədən qorxmayın!"

"Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq”

Həbsdə olan eks-prezident Mixeil Saakaşvili oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı Gürcüstan azərbaycanlılarına Azərbaycan dilində müraciət edib.

O, bu barədə sosial media hesabında paylaşım edib.

"Mənim əziz həmvətənlərim! Bu, sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. "Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın. Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, – Saakaşvili bildirib.

Eks-prezident Gürcüstan ermənilərinə də eyniməzmunlu müraciət ünvanlayıb.

Oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, seçkilərdə 26 siyasi partiya, ictimai hərəkat və birlik 150 deputat yeri uğrunda mübarizə aparacaq. Əvvəlcədən müəyyən olunmuş 5 faizlik baryeri keçəcək partiya parlamentdə deputat mandatı qazana biləcək. Seçkilərə qatılan siyasi partiyaların 428 namizədi qeydiyyatdan keçib.

Ən çox namizəd (150 nəfər) "Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından (sədr İrakli Qaribaşvili) qeydə alınıb. Avropalı Gürcüstan – Azadlıq üçün Hərəkatın (sədr Georgi Çereteli) 22 namizədi, Gürcüstanın Birləşməsi və İnkişafı Partiyasının (sədri Kamal Muradxanov) 16 namizədi, Yeni Birlik – Gvaramiya, Melianın (sədr Nika Melia) 27 namizədi, Birləşmə – Milli Hərəkatın (sədr Tinatın Bokucava) 31 namizədi, Avropa Demokratlarının (sədr Paata Davitaya) 12 namizədi, Gürcüstanın Patriotları Alyansının (sədr David Tarxan-Mouravi) 11 namizədi, Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün Birliyinin (sədr Mamuka Xazaradze) 16 namizədi, Gürcüstanın Laboratoriya Partiyasının (sədr Şalva Natelaşvili) 20 namizədi, Gaxariya – Gürcüstan üçün Partiyasının (sədr Georgi Gaxariya) 27 namizədi var. Digər partiya və təşkilatlardan olan namizədlərin sayı isə 3-9 arasında dəyişir.
Chosen
9
9
arqument.az

10Sources