EN

Metroda “M10”-laödəniş edəndə, turniket açılmırsa, hara müraciət edək?

Metroda M10 vasitəsilə bilet alıb keçən zaman bəzi hallarda turniket açılmaya bilir. İkinci dəfə eyni biletdən istifadə edən zaman isə biletin artıq istifadə edildiyi bildirilir. Sərnişinlər də yeni bilet almağa məcbur olurlar. Metro nəzarətçilərinə isə “Ödəniş olunub, amma turniket açılmayıb” deyə müraciət edən zaman onlar bunun M10-la bağlı olduğunu, hər hansı köməklik edə bilməyəcəklərini deyirlər.

Bəs sərnişinlər belə hallarla qarşılaşan zaman hara müraciət etməlidir?

“PashaPay” şirkətinin PR meneceri Aygün Əliyeva açıqlamasında bildirdi ki, bu kimi problemlər M10-la bağlı olmur:

“Göründüyü kimi, vəsait M10 balansından silinir, biletdən istifadə olunur, amma turniket açılmır. Ödəmə iki hissəli olur. Biletdən istifadə olunur, sonra isə turniket açılır. Birinci halda bu, M10-la bağlı olur, ikinci halda isə bu, metronun texniki məsələsidir, turniketlə bağlı problemdir. Ola bilsin ki, bu problem M10-da deyil, başqa ödəniş vasitələrində yaşansın. Turniketin displeyində ödəmənin həyata keçdiyi göstərilirsə, yaşıl işıq yanırsa, demək ki, ödəmə həyata keçib və hər şey qanunidir. Turniketin qapısı açılmaması isə tamamilə texniki məsələdir. Bəzən ola bilir ki, turniket bir neçə saniyə sonra açılır. Bəzən sərnişinlər tələsir ki, biletdən istifadə edən kimi keçsin, bu zaman açılmır, geri durub bir daha açmaq istəyən zaman turniket açılır”.

A.Əliyeva deyir ki, istənilən halda, belə hadisələrlə qarşılaşan istifadəçilər M10-nun qaynar xəttinə zəng edə bilərlər: “Hər bir zəngin sorğusu qeydə alınır və araşdırılır. Mütləq geri dönüş olunur. Əgər problem M10-da olarsa, bu məsələ öz həllini tapır. Müştərinin bileti M10 üzündən boşa gedərsə, həmin bilet geri qaytarılır. Əgər problem M10-da yox, metronun texniki problemi üzündən baş verərsə, bu da, araşdırılır və yenə də müştəriyə geri dönüş olunur”.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, “Bakı Metropoliteni”nə gedişhaqqının ödənilməsi ilə bağlı daxil olmuş bütün müraciətlər dərhal cavablandırılır. Əgər metropoliten səlahiyyətləri çərçivəsində olan məsələdirsə, mütləq həllini tapır:

“Burada əsas məsələ sərnişinin ödəniş etdiyi avtomat buraxılış nəzarət qurğusunda, yəni turniketlərdə mümkün problemlərin yaranması ehtimalı və onların qısa müddətdə araşdırılaraq aradan qaldırılmasıdır. Sərnişin məmnuniyyətinin təmin olunması ən əsas məsələdir. “Bakı Metropoliteni”nin səlahiyyətlərində olmayan məsələlər isə aidiyyəti üzrə dərhal yönləndirilir. “Bakı Metropoliteni”ndə gedişhaqqının ödənilməsi plastik kartla və QR biletlə ödənilməsi həyata keçirilir. Və bu məsələlərin də hər biri operativ qaydada həmin quruma yönləndirilir”.

Mətbuat katibi onu da əlavə edib ki, hazırda metropolitendə olan turniketlərdə heç bir nasazlıq, qüsur yoxdur və bütün turniketlər normal işləyir.

(valyuta.az)

Chosen
4
1
avtosfer.az

2Sources