EN

"Biz Ukraynada ədalətli sülhə nail olmalıyıq" - Quterriş

 
"Müasir dünyada heç bir ölkə təkbaşına və ya təcriddə hərəkət edə bilməz..."
 
Oktyabrın 24-də BMT baş katibi Antoniu Quterriş Kazanda keçirilən BRICS sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşüb və Ukraynada "ədalətli sülhə" çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
"Bizə Ukraynada BMT Nizamnaməsi, beynəlxalq hüquq və Baş Assambleyanın qətnamələrinə uyğun olaraq ədalətli sülh lazımdır", - Quterriş bəyan edib.
 
O, qeyd edib ki, sülh təkcə Ukraynada deyil, həm də Qəzza bölgəsində, Livan və Sudanda lazımdır. Qəzzada dərhal atəşkəsə, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə, humanitar yardımın maneəsiz və səmərəli çatdırılmasına nail olmaq lazımdır.
 
"Bizim hamımıza sülh gərəkdir, - BMT baş katibi deyib. - Biz hər yerdə BMT Nizamnaməsi, hüququn aliliyi və bütün dözlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyini müdafiə etməliyik".
 
O, həmçinin qeyd edib ki, müasir dünyada heç bir ölkə təkbaşına və ya təcriddə hərəkət edə bilməz. "Qlobal problemlərin həlli üçün bizə qlobal ailə kimi işləyən millətlərin birliyi gərəkdir", - baş katib deyib.
 
Quterrişdən sonra söz alan Putin onun bəyanatına "təbəssümlə" cavab verib.
 
"Hörmətli cənab baş katib deyir ki, biz hamımız böyük bir ailə kimi yaşamalıyıq. Biz elə belə də yaşayırıq. Təəssüf ki, ailələrdə tez-tez küsülülük, qalmaqallar, əmlak bölgüsü baş verir. Bəzən dava-dalaş da baş verir. BRICS-in məqsədi ümumi evimizdə əlverişli atmosfer yaratmaqdır", - Putin deyib.
 
Qeyd edək ki, bu, Quterrişin iki il yarım ərzində Rusiyaya ilk səfəridir. Bundan öncə o, Rusiyanı Ukraynaya qarşı tammiqyaslı müharibə başlanandan iki ay sonra, 2022-ci ilin aprelində ziyarət edib.
 
Ukrayna Quterrişin Rusiyaya səfərini tənqid edib. Ukrayna XİN qeyd edib ki, o, "hərbi cinayətkar Putinin" dəvətini qəbul edib, Kazan şəhərini ziyarət etmək qərarını "sülhə xidmət etməyən yanlış seçim" adlandırıb və BMT baş katibinə bu yay İsveçrədə keçirilən ilk Sülh sammitinə qatılmaqdan imtina etdiyini xatırladıb.
 
BRICS dünyanın inkişafda olan ən böyük iqtisadiyyatlarını birləşdirən ölkələr birliyidir. Bu birlik 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən təsis edilib. Hal-hazırda birliyə həmçinin Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
 
Bu il sammit Rusiyanın Kazan şəhərində 22-24 oktyabrda keçirilib. Kazanda Rusiyanın Ukraynaya qarşı müharibəsi başlanandan dünya liderlərinin ən böyük görüşü olub. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, sammitə 36 dövlət və altı beynəlxalq təşkilatdan nümayəndələr dəvət edilib.
 
Kazan sammitində, demək olar ki, BRICS-in bütün ölkə liderləri, o cümlədən Çin rəhbəri Si Tszinpin və Hindistan baş naziri Narendra Modi, habelə təşkilata daxil olmayan dövlətlərin liderləri, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Chosen
31
moderator.az

1Sources