EN

Gəncə Dövlət Universiteti ilə Təhsil Tələbə Krediti Fondu arasında əlaqələri genişləndirilir

Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri  Gəncə Dövlət Universitetində  görüş keçiriblər. Görüşdə TTKF-nin İdarə heyəti sədrinin müavini Tahir Xələfov, Departament müdiri Ayaz Mustafayev, baş mühasib Məmmədəli Abidin, Universitetin Tədris məslələri üzrə prorektoru Şahin Xurşudov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar  Qarayev, Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, Fondun GDU üzrə koordinatoru Sevinc Quliyeva iştirak ediblər.

Görüşün məqsədi universitet ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək olub.

Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov  dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib, tələbələrin təhsil haqqını ödəməsi baxımından Fondun yaradılmasının böyük əhəmiyyət daşıdığını bildirib. Prorektor təhsilin hamı üçün əlçatan olması və təhsilalanlara maddi dəstəyin göstərilməsi məqsədinə xidmət edən TTKF-in önəmini vurğulayıb.

TTKF-nin İdarə heyəti sədrinin müavini Tahir Xələfov çıxış edərək fondun fəaliyyət istiqamətləri və təhsil kreditinin verilməsinin meyarları haqqında danışıb.  Tahir Xələfov TTK-dan yararlanmış şəxslərin məşğulluq imkanlarının artırılması, məzunların işlə təmin olunması istiqamətində Fond tərəfindən aparılan işlər, dövlət və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Görüşdə Fondun Gəncə Dövlət Universiteti  üzrə koordinatoru Sevinc Quliyeva Təhsil Tələbə Krediti ilə bağlı mütəmadi maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Fondun missiyası təhsilin əhatə dairəsini genişləndirmək, əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaqdır.  Təhsil tələbə kreditlərinin verilməsinə 2021-ci ilin noyabr ayından başlanıb. Fəaliyyət göstərdiyi qısa müddət ərzində Azərbaycan Universitetləri üzrə fonda təxminən 55 min müraciət daxil olmuş, 43 mindən çox təhsil tələbə krediti müqaviləsi imzalanmışdır.

Chosen
15
modern.az

1Sources