Ekspertlər hesab edir ki, əgər nəzarət güclü olacaqsa, bu üsul təqdirəlayiqdir
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.
Sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.
Hüquqi akt layihəsində dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin akt layihəsinə 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib. Beynəlxalq təcrübə, o cümlədən Kodeks Alimentarius Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurasının müvafiq qərarları əsasında hazırlanan layihə dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyən edir.
Layihəyə görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir. Dönərin emalını və satışını həyata keçirən qida zənciri obyektləri (subyektləri) “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, AQTA tərəfindən verilən Qida Təhlükəsizliyi Reyestrindən Çıxarışa malik olmalıdır.
Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir.
Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır. Eləcə də həmin ət baytarlıq-sanitariya ekspertizasından keçirildiyini təsdiqləyən sənədlə (ekspertiza aktı) müşayiət edilməlidir. İctimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması sahəsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər sahələrində istifadə olunmasına yol verilməməlidir.
Çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda isə ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda müvafiq ardıcıllıqla yuyulub təmizlənməlidir.
Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.
Qeyd edək ki, son aylar dönərdən zəhərlənmələrin sayı kəskin artıb. Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib, onların dönər yediyi bildirilir. Oktyabrın 15-də isə 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bu il mayın 7-də Zaqatalada dönərdən zəhərlənən 40 nəfər xəstəxanaya yerləşdirilmişdi. Yəni bu statistik rəqəmlərin sıralanmasını artıra da bilərik.
Görünən odur ki, dönər satışı ilə bağlı qadağalar, yaxud dəyişiklik olmasa, vəziyyət daha da mənfiyə doğru gedəcək. Bəs AQTA -nın tətbiq edəcəyi bu yeni qaydalar işə yarayacaqmı?
Qida üzrə mütəxəssis Ağa Salamov mövzu ilə bağlı deyib ki, bu yenilik təqdirəlayiqdir: “Çünki qida zəncirinin bütün mərhələlərində dönər ətlərinin sanitar gigiyenaya uyğun olması təqib olunacaq, bunu dəstəkləyirəm. Ümumiyyətlə, qida zəncirinin əvvəlində kəsim məntəqələrində standartların olması şərtdir. İstehsalçı bilməlidir ki, əti haradan, kimdən alır, kəsim hansı şəraitdə aparılır. AQTA-nın qeydiyyatından keçmiş müəssisədir, yoxsa deyil, baytar nəzarəti varmı? Bunlara riayət edilməsi şərtdir. Bundan əlavə, daxildə gedən proses - əti qəbul edərkən rənginin, qoxusunun dəyişməməsi, şirə salmamasına diqqət olunmalıdır. Eləcə də emal prosesi gedən otağın temperaturu 10-20 dərəcə arasında olmalıdır. Düzgün emal prosesi getməlidir. Emal prosesi 2-3 saat ərzində tamamlanmalıdır. Tamamlandıqdan sonra müəssisədə olan səhvlər və avadanlıqlar düzgün şərtlər altında yuyulub xüsusi məhlullarla dezinfeksiya olunmalıdır. Dönərçilərin də tibbi müayinədən keçməsi şərtdir. Sanitar-gigiyena qaydalarına, fərdi gigiyenaya diqqət etməlidirlər. Üzdə tükün olmamasına diqqət olunmalıdır. Əgər üzdə tük varsa, saqqal örtüyü ilə örtülməlidir. Əllər mütəmadi olaraq dezinfeksiya olunmalıdır, təmiz uniforma olmalıdır. Dönərə çəkiləcək mayonez, souslar kiçik soyuducuda saxlanmalıdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mediaya açıqlamasında deyib ki, hökumətin çoxsaylı bu kimi qərarları var. Hələ illər öncə dönərxanaların standartı barədə Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi mövcud olanda standartlar qəbul olunub: “Müəyyən tələblər nəzərə alınıb, lakin hələ də dövlətin qəbul etdiyi bir çox sənədlər ayaqlar altına atılır. Çox sayda belə misallar var: "Tütün və tütün məmulatı haqqında" Qanun dəfələrlə sərtləşdirilib ki, siqaretlərin tək-tək satışı, yerə tullanması qadağandır və sair. Biz görürük ki, qanuna əməl olunmur, yəni qanunu icra edən dövlət orqanları biganəlik göstərir”.
Eyyub Hüseynov hesab edir ki, yeni qəbul olunan akt, əlbəttə, zəruridir: “Lakin onu icra etmək əsasdır. Güman edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi özünün qəbul etdiyi normaların icrasına nəzarət edəcək. Hər halda, bu yaxşı bir haldır, dəstəkləyirik. Biz ictimai təşkilat olaraq əhali arasında təbliğat aparacağıq ki, normalar tələb olunsun. Dönərxanlar cəmiyyətin bir bəlasına çevrilib”./yeni musavat