EN

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə mediatur təşkil edib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə mediatur təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə media nümayəndələrini qarşılayıb.

Mediaturun açılışı olaraq DSX-nin Sahil Mühafizəsi rəisi, media nümayəndələri xidmət ərazisində şəhidlərin əbədi xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub. Tədbir dəyirmi masa arxasında davam edib.

DSX Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadə Sahil Mühafizəsinin tarixi və gördüyü işlər barədə media nümayəndələrinə ətraflı məlumat verib və sözü Dövlət Sərhəd Xidmətinin (DSX) KİV-lərlə iş şöbəsinin rəisi, polkovnik-leytenant Aftandil Abbasova verib. A.Abbasov öncəliklə media nümayəndələrini salamlayaraq, DSX-nin rəisi cənab general-polkovnik Elçin Quliyevin salamını mediaya çatdırıb.

Polkovnik-leytenant Aftandil Abbasov çıxışında, DSX-də təşkil olunan mediaturun təşkilinin DSX rəisi general-polkovnik Elçin Quliyevin tapşırığı əsasında həyata keçirildiyini bildirib.

Mediaturun əsas məqsədi DSX-nin sahil mühafizəsinin xidməti döyüş fəaliyyətinin, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bərabər, maddi-texniki baza ilə yaxından tanış olmaq, DSX-nin digər komandanlıqlarında olduğu kimi, sahil mühafizəsinin də dövlət sərhədinin mühafizəsi zamanı əldə olunmuş uğurlu nailiyyətləri haqqında yaxından məlumatların çatdırılmasını özündə ehtiva edir.

Media nümayəndələri ilkin olaraq sahil mühafizəsinin qərargahında, komanda nəzarəti mərkəzi, təlim-tədris mərkəzi, ideoloji mərkəz və muzeylə yaxından tanış olduqdan sonra Xəzər dənizində gəmilər vasitəsilə turda iştirak ediblər. Bu turun əsas məqsədi Xəzər dənizində sahil mühafizəsi xidməti döyüş fəaliyyəti işinin təşkili barədə media nümayəndələri vasitəsilə ictimaiyyətə məlumatların ötürülməsidir.

Tədbir zamanı zabit və gizirlərin dərs prosesi də izlənilib.

DSX-nin sahil mühafizəsinin, dövlət sərhədinin mühafizəsi şöbəsinin dəniz üzrə müavini II dərəcəli kapitan Xanlar Abdullayev bildirib ki, “İquana İ-29” amfibiya kateri DSX sərhəd mühafizəsinin döyüş sıralarına 2022-ci ildə qatılmış və sahilyanı əməliyyatlar üçün təyinatlıdır.

Hazırda həmin katerdən dövlət sərhəddinin mühafizəsində geniş tətbiq olunur. Amfibiya kater 50 düyün sürətə malikdir və sahilyanı ərazilərdə hərəkət edən sərhəd pozucularına, qaçaqmalçılığa qarşı mübarizədə ən üstün üzmə vasitəsi sayılır. 

Daha sonra DSX-nin Sahil Mühafizəsinin “Tufan” tipli gəmisi açıq dənizdə hərəkət etməyə başlayıb, həmçinin kiçikhəcimli sahilmühafizə gəmiləri manevrlər edərək müxtəlif tapşırıqları icra ediblər.

DSX-nin Sahil Mühafizəsi şöbə rəisinin müavini, lll dərəcəli kapitan Əliyar Məmmədzadə bildirib ki, hazırda dənizdə hərəkətdə olan gəmi DSX-nin Sahil Mühafizəsinin ll dərəcəli “Tufan” gəmisidir:

“Gəmi Prezident İlham Əliyevin göstərişi əsasında DSX-nin Sahil Mühafizəsi bazasında Gəmi İnşası və Təmiri zavodunda hazırlanıb və 2019-cu ilin yanvar ayının 23-də Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə suya endirilib. Həmin tarixdən etibarən dövlət sərhədinin mühafizəsini həyata keçirir.

Gəminin uzunluğu 61,7 metr, eni 7,62 metr təşkil edir. Gəminin silahlanması “Spayk NLOS” raket sistemi, həmçinin “Tayfun” və mini “Tayfun” silah sistemləri ilə təsis olunmuşdur. Bundan əlavə gəmidə 7,62 mm-lik 2 ədəd pulemyot mövcuddur.

Həmçinin mediatur çərçivəsində media nümayəndələri “Şahdəniz”, “Heydər Əliyev” və “İstiqlal” yataqları ilə də tanış olublar. Yataqların DSX tərəfindən xüsusilə qorunduğu bildirilib. Bu bir daha sübut edir ki, Azərbaycan öz sərvətlərini, bütövlüyünü daim qoruyur, kənar, xarici, yad qüvvələrin ona təsir etməsinə izin vermir. 

Aminə Nəzərova

Chosen
58
operativmm.az

1Sources