EN

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Prezident Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada törədilmiş terror aktı ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Prezident İlham Əliyev başsağlığı məktubunda bildirib: “Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Türk Dövlətləri Təşkilatı (TDT) da Ankarada TUSAŞ-ın istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.

Bununla bağlı beynəlxalq təşkilat bəyanat yayıb.

"Bu xain hücumu şiddətlə qınayır, Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik", - bəyanatda deyilir.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.



Chosen
14
14
trt.net.tr

10Sources