EN

Avropa Parlamenti yenə havanı silkələyir

Səbuhi MƏMMƏDOV
[email protected]

Azərbaycanın dünyanın önəmli aktoruna çevrilməsi “qoca qitə”də müəyyən siyasi dairələri ciddi narahat edir. Belə qüvvələr rəsmi Bakının Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmasını həzm edə bilmir, müxtəlif böhtanlara əl atır, hüquqi müstəvilərdə perspektivsiz təşəbbüslər göstərirlər. Bu məsələdə xüsusilə də korrupsiya qalmaqalları ilə gündəmdən düşməyən Avropa Parlamenti “fərqlənir”. Ötən gün “Azərbaycanda siyasi vəziyyət və insan haqları problemləri” mövzusunda keçirilən müzakirələrdə Azərbaycan və Türkiyə düşmənləri gözlərini yumub ağızlarını açaraq, ölkəmizə qarşı böhtan, 30 il işğal siyasəti aparan Ermənistana isə bol-bol tərif yağdırıblar.

Ümumiyyətlə, Avropa Parlamenti nədir? Azərbaycanda da gözəl bilirlər ki, Avropa İttifaqının bu qanunverici orqanı bəzi Qərb dairələrinin müstəqil siyasət yürüdən ölkələrə qarşı hərtərəfli təzyiq göstərməyə çalışdığı daha böyük mexanizmin sadəcə bir halqasıdır. “Qoca qitə”nin bəzi ölkələri Avropanın ideya və məramlarını, daha doğrusu, onun maraqlarını bölüşməyən ölkələrə qarşı “Səlib yürüşü”nə çıxır, böhtan kampaniyalarını işə salır, sanksiyalardan dəm vururlar. Avropa Parlamentinin xarici siyasətində bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan və mehriban əlaqələrin saxlanılmasına yönələn prinsiplərə əməl edən Azərbaycana qarşı qərəzli siyasət yürütməsi də buna bariz nümunədir. Bakı bölgədə, ümumiyyətlə, dünyada ayırıcı xətlərə qarşıdır və hər bir ölkənin öz inkişafını müstəqil şəkildə müəyyənləşdirilməsi prinsipini dəstəkləyir.

Bu, bir faktdır ki, Qərbdəki bəzi siyasi qüvvələr İkinci Qarabağ müharibəsində qalib gələrək, regionda yeni reallıq yaratdıqdan sonra Azərbaycana qarşı hücumları daha da artırıblar. Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr qərəzli müzakirələr keçirir və müəyyən qətnamələr qəbul edirlər. COP29-un Azərbaycanda keçirilməsini heç cür həzm edə bilməyən ermənipərəst deputatlar sərsəm bəyanatlar səsləndirirlər. Belə ki, ötən gün bu qanunverici orqanda keçirilən müzakirələrdə növbəti böhtan və yalanlara geniş yer veriblər. Bu məsələdə xüsusilə də fransız deputatlar canfəşanlıq ediblər. Avropa Parlamentinin Fransadan olan deputatı Nathali Lauzo ölkəsinin Azərbaycana düşmənçilik siyasətini tribunadan səsləndirib. O, BMT-nin ən mühüm tədbirlərindən biri olan COP29-u “boykot” etməyə çağırıb.

Əlbəttə, erməni lobbisinin əlində alətə çevrilmiş Natali Luazo kimi adamlar COP29-un əhəmiyyətini anlamırlar. Luazo da çox gözəl başa düşür ki, onun ölkəsi Fransa əsrlər boyu müstəmləkəçilik siyasəti yürüdür, işğal etdiyi ölkələrin və xalqların sərvətlərini talayır. Keçmişindən utanmayan fransızlar indi Azərbaycanı ittiham etməyə çalışırlar. Fransızların erməniləri “sevdiklərini” bilirik, amma dünyanın ekoloji problemlərinin müzakirəsinin Bakıda keçirilməsinə qarşı çıxış etmələrinin məntiqini anlamaqda çətinlik çəkirik.

Əslində, burada başa düşülməyəcək problem də yoxdur, fransızlar və digər ermənipərəst qüvvələr COP29-un Bakıda keçirilməsini bəhanə edərək, Azərbaycana qarşı böhtan kampaniyası aparırlar. Bu mənada digər fransalı deputat Fransua-Xavier Belami də “fərqlənməyə” çalışıb. Ermənilərə nə qədər “böyük məhəbbət” bəslədiyini nümayiş etdirməkdən özünü saxlaya bilməyən bu fransız ölkəmizə qarşı ağ yalanlar, böhtanlar səsləndirib. Azərbaycanı haqsız yerə ittiham etməyə çalışan və COP29-u hədəf alan bu zatın çıxışını oxuduqdan sonra düşünməyə bilmirsən ki, o da digər bəzi Avropa siyasətçiləri kimi türkofobiya və islamofobiya ilə bağlı təkəbbürlü fikirlərin əsiridir.

Bir sözlə, Azərbaycanın müstəqil siyasət yürütməsi, Qərbin regionda geosiyasi maraqlarının güclənməsinə kömək edən addımları dəstəkləməməsi “qoca qitə”dəki müxtəlif siyasi dairələri hiddətləndirir və bu qərəzli münasibət də ermənilərə dəstəkdə özünü büruzə verir. Amma Azərbaycana təzyiq göstərməyin və COP29-a hücumları davam etdirməyin heç bir perspektivi yoxdur. Erməni lobbisinin qanuni nümayəndəsinə çevrilən Avropa Parlamenti regionda gedən proseslərə mane ola bilməyəcək və belə qərəzli addımları ilə yalnız destruktivliyini və ikiüzlüyünü nümayiş etdirəcək.

 

Chosen
21
xalqqazeti.az

1Sources