EN

Jan-Lui Qasse məşqçi karyerasını bərpa etdi - Bu kluba görə

2023/24 mövsümünün sonunda peşəkar karyerasını başa vurduğunu açıqlamış fransalı məşqçi Jan-Lui Qasse yenidən sevimli işinə qayıdıb.

Arena.az xəbər verir ki, 70 yaşlı mütəxəssis “Monpelye”nin baş məşqçisi təyin edilib.

Bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Təcrübəli mütəxəssis yeni klubu ilə 2024/2025-ci illər mövsümünün sonunadək (2025-ci ilin 30 iyununa qədər) anlaşıb.

Qasse “Monpelye”nin baş məşqçisi postunda bir neçə gün öncə qovulmuş erməni mütəxəssis Mişel Ter-Zakaryanı əvəz edib. Zakaryan Fransa Liqa 1-in 8-ci turunda Marsel “Olimpik”ine doğma meydanda 0:5 hesabı ilə məğlubiyyətdən dərhal sonra istefaya göndərilmişdi.

Qeyd edək ki, Jan-Lui Qasse “Monpelye” üçün tanış simadır. Fransalı mütəxəssis futbolçu karyerası dönəmində 1975-ci ildən 1985-ci ilədək məhz bu klubun şərəfini qoruyub. O, məşqçiliyə də elə futbolçu karyerasını başa vurduğu ildən etibarən bu klubda başlayıb. 3 il “Monpelye”də köməkçi-məşqçi kimi çalışmış Qasse, 1998-ci ildə də baş məşqçi təyin olunub və bir mövsüm bu komandaya rəhbərlik edib. O, daha sonra 2017-ci ildə də qısa müddət doğma klubunda baş məşqçi kimi çalışıb.

Təcrübəli məşqçi karyerası ərzində PSJ, “Espanyol”, “Bordo” və “Sent-Etyen” klublarında, həmçinin Fransa yığmasında assistent kimi fəaliyyət göstərib. O, həmçinin “Kan”, “İstr”, “Sent-Etyen”, “Bordo”da, həmçinin Kot-d’İvuar yığmasında baş məşqçi olub.

Qasse 2024-cü ilin fevral ayında Marsel “Olimpik”nin baş məşqçisi təyin edilmişdi. Komanda bu müddətdə onun rəhbərliyi altında 19 oyuna çıxıb. Marsel təmsilçsi bu görüşlərdə 9 qələbə qazanıb, 3 heç-heçə edib və 7 məğlubiyyətə üzülüb. Mövsümün sonunda isə o, karyerasını başa vurduğunu bəyan etmiş, hətta bunun “son qərarı” olduğunu vurğulamışdı. Lakin göründüyü kimi, “Monpelye”dən aldığı son təklif onun sözünə əməl etməsinə mane olub.

Bu mövsüm o qədər də uğurlu çıxış etməyən “Monpelye” Fransa Liqa 1-in turnir cədvəlində 8 turdan sonra 4 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Sözügedən komanda bu görüşlərdə 1 qələbə qazanıb, 1 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Chosen
35
arena.az

1Sources