EN

Deputat: “Böyük Ermənistan” xülyası ilə azərbaycanlılara qarşı törədilmiş ədalətsizlik qəbuledilməzdir

Deputat:

Bakı, 23 oktyabr, AZƏRTAC

Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba yurduna qayıdış hüququ təmin olunmalıdır. İki əsr ərzində “Böyük Ermənistan” yaratmaq xülyası ilə azərbaycanlılara qarşı törədilmiş ədalətsizlik qəbuledilməzdir. Ermənistan və onun havadarları etnik təmizləmə iddiasını ortaya atanda, ilk növbədə, onlara soydaşlarımızın məruz qaldığı deportasiyaları xatırladırıq. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər, insan hüquqlarının kobud şəkildə pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, sonuncu deportasiya Ermənistan inzibati və hüquq-mühafizə orqanlarının bilavasitə iştirakı ilə həyata keçirilirdi. 1987-ci ilin noyabr ayında Qafandan soydaşlarımızın çıxarılması ilə sonuncu 1987-1991-ci il deportasiya dalğası başladı. Rayon ərazisində azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edilir, soydaşlarımız öz evlərindən qovulurdu. Onlar alçaldılır, təhqir olunur, qətlə yetirilirdi, lakin mərkəzi hakimiyyət məsuliyyətin bərabərləşdirilməsinə çalışırdı. Qafan sakinləri Ermənistandan gələn ilk qaçqın kimi vaqon və avtobuslarda Bakıya, Sumqayıta gəldilər. Deportasiya zamanı insanlara əşyalarını belə çıxarmağa imkan verilmədi.

Biz eyni zorakılığı Birinci Qarabağ münaqişəsi dövründə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə zamanı da müşahidə etdik. Kəlbəcərin işğalı zamanı guya soydaşlarımıza 10 saat vaxt verildiyi iddia olunsa da, onlar qətlə yetirildilər, min bir əzabla ayaqyalın-başıaçıq vəziyyətdə etnik təmizləməyə məruz qaldılar. 65 min əhalisi və mürəkkəb relyefi olan Kəlbəcərin 3 günə boşaldılması insanlar üçün böyük işgəncə və əzab idi. Əsl etnik təmizləmə bu idi. Xankəndini avtomobillərlə, dinc şəkildə tərk edən ermənilərin hüquqlarını müdafiə etməyə çalışan qərəzli dairələr əslində keçmiş məcburi köçkünlərin, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlı qaçqınların hüquqlarını müdafiə etməlidirlər.

“Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatdı. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazi monoetnik bölgəyə çevrilib və orada yalnız ermənilər yaşayır. Rəsmi İrəvanın 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, toponimlər dəyişdirilib. Ümumilikdə Göyçə ərazisində mövcud olmuş yaşayış məskənlərimizin xarabalıqları bu gün də qalır.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da qeyd olunduğu kimi, soydaşlarımıza qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər, onların əməlləri Ermənistanda dövlət səviyyəsində təqdir olunur. Cəzasızlıq onları hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib”, - deyə N.Məmmədova əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycana qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar soydaşlarımızın qayıdışı məsələsinə insan hüquqları müstəvisində yanaşmalıdırlar. BMT-nin insan hüquqları üzrə ekspertləri dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, yanlış terminologiya və toponimlərdən istifadə etməməli, öz mandatlarını aşmamalıdırlar. Başda BMT olmaqla bütün müvafiq qurumlar insan hüquqlarına münasibətdə ikili standartlara son qoymalı, Qərbi Azərbaycan məsələsini siyasiləşdirməkdən çəkinməlidir.

“İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Onların fərdi və kollektiv hüquqları təmin edilməlidir. Yeri gəlmişkən, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması da bu məsələnin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə effektiv şəkildə davam etdirilməsinə imkan verəcək”, - deyə N.Məmmədova vurğulayıb.

Chosen
15
1
azertag.az

2Sources