EN

Ali Məhkəmə qərar verdi - 387 min manatı dələduzluqla ələ keçirən şəxs şərti cəza ala bilməz! 

Vəkillər Kollegiyasının üzvü Pərviz Məmmədov bu günlərdə Ali Məhkəmənin 387 min manatlıq dələduzluq işi ilə bağlı verdiyi qərarı şərh edib.

Vəkil  deyib ki, bu iş hüquq sistemimizdə cəza təyini və qanunvericiliyin düzgün tətbiqi məsələləri baxımından çox vacibdir.

Vəkil həmin qərarın mahiyyəti haqda bunları deyib:

“Birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzanın iki il sınaq müddəti ilə şərti hesab edilməsinə qərar verib. Bu qərardan həm Məhkumun müdafiəçisi, həm də dövlət ittihamçısı apellyasiya şikayəti və protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb. Dövlət ittihamçısı bu qərardan narazı qalaraq Ali Məhkəməyə kassasiya protesti təqdim edib.

Dələduzluq əməlləri:

Məhkum bir neçə epizodda müxtəlif şəxslərə qarşı dələduzluq əməlləri törədib:

- Birinci epizod: Məhkum Ukraynadan taxta materiallarının gətirilməsində köməklik göstərəcəyini vəd edərək bir şəxsdən ümumilikdə 60 min manat pul alıb.

- İkinci epizod: Litvadan kartof məhsulunun idxalı adı ilə başqa bir şəxsdən cəmi 27 min 475 manat məbləğində pul ələ keçirib.

-Üçüncü epizod: Ukraynadan un məmulatlarının gətirilməsi vədi ilə digər bir şəxsdən ümumilikdə 68 min manat pul aldatma yolu ilə alınıb.

* Dördüncü epizod: Məhkum Litvadan kartof idxalı adı ilə bir şəxsdən və "XXXX" MMC-dən ümumilikdə 387 min 945 manat (370 min ABŞ dolları ekvivalentində) pul alıb. Bu məbləğin 146 min 790 manatı (140 min ABŞ dolları) fiziki şəxsə, 241 min 155 manatı (230 min ABŞ dolları) isə "XXXX" MMC-yə məxsus olub.

Ali Məhkəmənin mövqeyi:

Ali Məhkəmə, kassasiya protestini qismən təmin edərək aşağıdakı qərarları qəbul edib:

Cəzanın tətbiqi:

Məhkəmə qeyd edib ki, Məhkumun törətdiyi əməllər cəmiyyət üçün yüksək təhlükəlilik dərəcəsinə malikdir. Törədilən cinayətlərin xarakteri və miqyası, habelə Məhkumun şəxsiyyəti nəzərə alınaraq cəzanın şərti olaraq tətbiqi düzgün deyil. Bu səbəbdən, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuna uyğun hesab edilməyib.

"XXXX" MMC-nin statusu:

Ali Məhkəmə birinci instansiya məhkəməsinin "XXXX" MMC-ni zərərçəkmiş kimi tanımamasını doğru hesab edib. İş materiallarından görünür ki, Məhkumun bu şirkətə qarşı dələduzluq etməsi sübuta yetirilməyib.

-Prosessual pozuntular:

Məhkəmə, məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmamasını ciddi qanun pozuntusu kimi qiymətləndirmişdir.

Yekunda Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərək, işin yenidən apellyasiya instansiyasında baxılmasına qərar verib./Musavat.com


Chosen
2
5
referans.az

7Sources