EN

Türkiyənin ən böyük düşməni haqda sensasiya: 46 il sonra tapşırıq verdi 

Türkiyənin 46 ildir mübarizə apardığı PKK terror təşkilatının hazırda İmralı adasında həbsxanada saxlanılan qurucusu və rəhbəri Abdullah Öcalanın yaxın günlərdə bütün ölkəni təəccübləndirəcək bəyanatla çıxış edəcəyi deyilir.

Öcalanın həbsxanadan bir məktub yazdığı və orada təşkilatın bütün üzvlərini silahı yerə qoyaraq Türkiyə ordusuna təslim olmağa çağırdığı iddia edilir.

Məlumata görə, o, məktubda bütün ərazilərdə döyüşən PKK üzvlərinə geri çəkilmə əmri verib. Son aylarda Suriya və İraqda təşkilatın bir çox rəhbərlərinin öldürüldüyü bildirilir. Türkiyə təhlükəsizlik və kəşfiyyat orqanlarından mətbuata sızan məlumata əsasən, Öcalan hazırda Yaxın Şərqdə ən böyük problem olan Fələstin məsələsi ilə bağlı baş verənlər, həmçinin İsrailin əldə etdiyi irəliləyişlər fonunda PKK-nın bir təşkilat kimi ləğv edilməsi təlimatını verib.

İddialara görə, o, PKK-nın özündən sonrakı rəhbər şəxslərinə müraciət edib. Onlara yaxın zamanda başqa məsələlərlə bağlı ehtiyac duyulacağı, döyüşməyə davam edəcəkləri halda isə Türkiyə ordusu və kəşfiyyatçıları tərəfindən zərərsizləşdiriləcəklərinə dair xəbərdarlıq edib. Öcalan onlara bu səbəblə silahı yerə atmağı tapşırıb. Hətta yaxın günlərdə onun şəxsən PKK-ya çağırış edəcəyi və mübarizə dövrünün bitdiyini açıqlayacağı bildirilir.

Qeyd edək ki, ötən günlərdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı Abdullah Öcalanın azad edilərək Türkiyə Böyük Millət Məclisinin (TBMM) kürsüsünə çıxarılmasını təklif edib. O, Öcalanın bu kürsüdən PKK-ya səslənərək terror hərəkatını bitirməli olduğunu deyib. Baxçalının bu sözləri ölkədə birmənalı qarşılanmayıb və ciddi tənqidə səbəb olub. Bu açıqlama Öcalanın PKK-nı bitirmək üçün tapşırıq verdiyinə dair iddiaları gücləndirib.

Xatırladaq ki, Abdullah Öcalan 1999-cu ildə Türkiyə Milli Kəşfiyyat Xidmətinin keçirdiyi xüsusi əməliyyatla ölkəyə gətirilib. O, 20 ildən çoxdur ki, İmralı adasındakı həbsxanada saxlanılır./Globalinfo.az 




Chosen
29
referans.az

1Sources