EN

Azərbaycana hansı sülh lazımdır: tam, yoxsa natamam?

ABŞ-nin məktub missiyası

Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul etdi.

Söhbətimiz bu barədədir. Daha doğrusu, Birləşmiş Ştatların yüksək rütbəli rəsmisinin ölkəmizə gəlişinin detallarından söz açacaq, bir sıra məqamların üzərində dayanacağıq.

Əlbəttə, başlıca məqam cənab Karpenterin dövlətimizin başçısına ABŞ Prezidenti Cozef Baydenin məktubunu təqdim etməsidir. Məktubda nələrin vurğulandığı barədə bir söz demək, fikir yürütmək mümkünsüz olsa da, Birləşmiş Ştatlar rəsmisinin dediklərindən bəzi mətləblərə aydınlıq gətirmək mümkündür. İlk çıxardığımız nəticə isə budur ki, Vaşinqton Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır. Belə ki, Karpenter ölkəsinin prosesi dəstəklədiyini vurğulayaraq, barış sazişinin ərsəyə gəlməsi üçün hazırda tarixi imkanların olduğunu diqqətə çatdırıb.

Doğrudur, indi Cənubi Qafqazda sülhün qərarlaşması üçün heç vaxt olmadığı qədər münbit şərait yetişib. Şübhəsiz, bu şəraitin memarı Azərbaycandır. Ölkəmiz qətiyyətli davranıb öz haqlarına sahiblənməsəydi, nə hazırkı durum olardı, nə də həmin durumun nəticəsi kimi meydana çıxan sərfəli reallıq. Ancaq vəziyyətin lazımınca qiymətləndirilməsi, bütün risklərin aradan qaldırılması şərtdir. Eləcə də Ermənistanın sözügedən sərfəli reallıqdan ölkənin işğalçı keçmişi nəzərə alınaraq pay götürməsi. Yəni, onun iqtisadi faydası avantürizmi yenidən alovlandıracaq qədər yüksək mənfəətə əsaslanmamalıdır.

Bəs ABŞ başda olmaqla, kollektiv Qərbin istəyi nədir? İstək budur: Birincisi, Ermənistan 44 günlük müharibə ilə itirdiklərini bərpa etsin. İkincisi, Qərbpərəst Nikol Paşinyan hakimiyyəti ölkəni dolandırsın ki, sərbəst şəkildə ayaqda qalmağı bacarsın, İrəvan davamlı qrantlardan asılı halda olmasın, habelə Rusiyanın iqtisadi təsirindən uzaqlaşsın. Sülh məhz bunun üçün vacibdir. Əlbəttə, digər məsələlər də var.

Təkcə ABŞ-nin deyil, bütövlükdə, Qərbin yaratdığı görüntü Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması məsələsində olsa da, prosesə qüsurlu münasibəti görürük. Çünki bir sıra konseptual məqamların üzərindən keçilir, onlar nəzərə alınmır. Belə yanaşma, eyni zamanda, İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmasına dəstəkdir. Buna görə də Qərb ancaq sülh müqaviləsinin regional əməkdaşlıq üçün geniş imkanlar yaradacağını tirajlayır.

M.Karpenter də dövlətimizin başçısı ilə görüşdə mövcud məqamı vurğulayıb. Onun söylədiklərinə diqqət yetirərkən, ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın bir müddət əvvəlki fikirləri yada düşür.

Cənab O'Brayn Bakı–İrəvan sülh sazişinə dair xeyli təfərrüatlı danışaraq, konkret konturları sadalamış və Cənubi Qafqazın qlobal kommunikasiya xəttinin mərkəzinə çevrilməsi perspektivini qabartmışdı. Ən əsası isə o, ölkəsinin başlıca məqsədinin regionun Rusiyadan asılılığını aradan qaldırmaq olduğunu dilə gətirmişdi. Nəticədə belə qənaət hasil olmuşdu ki, ABŞ Azərbaycan–Ermənistan sülh sazişini geosiyasi rəqabət kontekstində təsəvvürə gətirir. Yanaşmanın təhlükəli olduğunu sübuta yetirməyə ehtiyac yoxdur.

Aydındır ki, ölkəmiz hadisələrin mövcud səmtdə inkişafına razı olmayacaq. Ən azı ona görə ki, Bakı özünün balanslı siyasət xəttinə sadiqdir və region ölkələri ilə bölgədə tarixi maraqları olan dövlətlərin mənafelərinin uzlaşdırılması ritorikasını rəhbər tutur. Ayrıca onu da deyək ki, Azərbaycan heç bir kənar dövlətə qarşı plasdarm olmayıb və olmayacaq. Bu mənada sülh müqaviləsinin də tam səmimiyyətə əsaslanması şərtdir. Ermənistan rəhbərliyi isə qətiyyən səmimi deyil və mövqeyini, az qala, hər addımında nümayiş etdirməkdədir. Prezident İlham Əliyev də ABŞ rəsmisi M.Karpenterin diqqətinə, faktiki olaraq, məhz bunu çatdırıb.

Ölkəmizin lideri sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının Azərbaycan olduğunu vurğulayıb. Bu, sadəcə söz deyil, konkret əməldir və Birləşmiş Ştatlar, ilk növbədə, duruma mövcud kontekstdən qiymət verməlidir. Yəni dünyanın harasındasa qalib ölkənin məğluba barış əlini uzatmasına dair presedent qeydə alınmayıb. Digər tərəfdən, sözügedən beş prinsip Azərbaycanın nəinki Ermənistanla sülhdə, ümumən Cənubi Qafqazda barış mühitinin formalaşmasında maraqlı olduğunun göstəricisidir. Birləşmiş Ştatlarda bu məqam da düzgün dəyərləndirilməlidir. Yəni Ermənistan üçün elçi düşərkən nəzərə alınmalıdır ki, İrəvanın sülh naminə nələrisə etməsi şərtdir. Paşinyan hakimiyyətinin Qərbin ərköyün uşağı kimi bəslənilməsinə ehtiyac yoxdur. Həm də ona görə ehtiyac yoxdur ki, həmin ərköyünlüyün avantürizm mahiyyətinə köklənlənmə və işğalçılıq trayektoriyası var. İnsanlıq əleyhinə cinayətlər, vandalizm aktları da öz yerində.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərirsə, deməli, ölkənin real məqsədi sülh deyil, imitasiyadır. Başqa bir məqam da var ki, onu dövlətimizin başçısı bir müddət əvvəl Belçikanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən demişdi: Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Prezident İlham Əliyev, habelə, Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirmiş və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulamışdı.

ABŞ başda olmaqla, kollektiv Qərb Azərbaycan–Ermənistan sülhündən danışarkən, barış müqaviləsinin yarımçıq şəkildə, prinsipial məqamlara aydınlıq gətirilmədən imzalanmasına səy göstərirlər. Bu, İrəvana sərfəlidir. Əvvəla, səs-küylü natamam sülh sazişi ona gələcəkdə spekulyasiyalarını və təxribatlarını davam etdirmək üçün vacibdir. Davam etdirəcək və Azərbaycanın ehtimal edilən adekvat cavabını işğalçılıq kimi qiymətləndirmək yolunda dividend qazanacaq. Hazırda Ermənistan və havadarları suverenliyimizin tam bərpasını, Qarabağa sahiblənməyimizi təzavüz qismində qiymətləndirirlərsə, Avropa Parlamentində və digər qurumlarda bunun vurğulandığı qətnamələrin, bəyanatların qəbuluna qol çırmayırlarsa, deməli, onlardan hər şey gözləmək mümkündür. Yəni M.Karpenter, eləcə də onun kimilər Azərbaycana hansısa mütərəqqi gündəlikdə gəldiklərini isbatlamağa çalışmasınlar. Çünki İrəvanın xoş niyyəti yoxdur.

Bəli, İrəvanın xoş niyyəti yoxdur ki, Prezident İlham Əliyev M.Karpenterlə görüşdə Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu vurğulayıb. Deməli, ölkəmiz sülh prosesinin irəliyə doğru aparılması üçün qəti addımlarını belə bir yarıtmaz durumda davam etdirir. Əslində, bu, Ermənistana lütfdür və yaxşı olar ki, ABŞ-də də məsələyə mövcud prizmadan yanaşılsın. Dərk edilsin ki, Ermənistan Konstitusiya məhkəməsinin ölkənin İstiqlaliyyət bəyannaməsinin Əsas qanunda yer almayan müddəalarının etibarsız sayıldığına dair qərarı manipulyasiyadan başqa bir şey deyil. Çünki sözügedən bəyannamə qüvvədədir və sənədin işğalçılıq mahiyyəti saxlanılır. Bu isə regionun gələcəyi baxımından böyük təhdiddir. Heç bir təminat yoxdur ki, hazırda imzalanacaq sülh müqaviləsi nə zamansa erməni ambisiyalarının baş qaldıracağını əngəlləyəcək.

İrəvan səmimiyyət quruculuğu baxımından daha ciddi addımlar atmalı, separatçılıq və işğalçılıq üçün, belə demək mümkünsə, heç bir hüquqiləşdirilmiş əsasın qalmadığını göstərməlidir. Amma bunu etmir. Sonda isə onu da vurğulayaq ki, hazırda Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Nəinki boyun qaçırır, həmçinin elə rəy formalaşdırır ki, sanki üçtərəfli bəyanat adlı sənəd yoxdur. Baş nazir Nikol Paşinyanın fikirləri də bunun sübutudur. O, bir müddət əvvəl demişdi ki, sözügedən sənədə görə Ermənistana müharibə məğlubu kimi baxılmamalıdır. Elə isə ABŞ rəsmiləri, elə Karpenterin özü əvvəlcə bu məqamı aydınlaşdırsınlar – Ermənistan məğlubdur, yoxsa yox?!

Bu gün Ermənistan üçtərəfli bəyanatın icrasından yayınırsa, Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında maneəsiz quru yolunu vermirsə, məsələni özünün ərazi bütövlüyü və suverenliyi kontekstində əsaslandırırsa, “Dünyanın kəsişməsi” kimi sərsəm ideya irəli sürürsə, deməli, ölkənin niyyəti tam başqadır. Niyyət nədən ibarətdir? Hesab edirik ki, bu baxımdan ölkənin militarizasiya siyasəti üzərində dayanmaq mümkündür. O siyasətin ki, onda Birləşmiş Ştatların da fəal dəstəyi hiss olunmaqdadır. Belə bir durumda karpenterlərin ölkəmizə təşrif buyurub sülh çağırışları səsləndirmələri, yumşaq desək, qəribə təsir bağışlayır.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
15
xalqqazeti.az

1Sources