EN

İKZF Bakı və Sumqayıtda satmaq öhdəliyi ilə kirayəyə vermək üçün 390 milyon manatlıq mənzil alır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması üçün hazırlıqlara başlayıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Fondun yaşayış sahəsinə dair tələbləri müəyyənləşib.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cu zonalar üzrə) həyata keçiriləcək. 

Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.

Satın alınması nəzərdə tutulan yaşayış sahələri 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır. Bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.

Binada (və ya bina kompleksində) sakinlər üçün avtodayanacaq mövcud olmalıdır. Binaya təhlükəsiz və rahat giriş-çıxış təmin edilməlidir. Binada təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri nəzərdə tutulmalıdır. Binada sakinlər üçün həyətyanı sahə, uşaqlar üçün oyun yeri nəzərdə tutulmalı, o cümlədən yaşıllaşdırma və abadlıq işləri görülməlidir. 

Fond satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınmasının 144 200 000 manata başa gələcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, İKZF bundan əvvəl isə vətəndaşların tələbatını nəzərə alaraq paytaxın 7-ci və 8-ci zonalar üzrə (157 000 000 manat), eləcə də Sumqayıt şəhəri üzrə (89 266 666,67 manat) də yaşayış sahələrinin satınalınması ilə bağlı hazırlıqlara başlayıb.

Chosen
3
3
iqtisadiyyat.az

10Sources