EN

“Sərhəd məsələsində Ermənistanın mövqeyi dəyişib” – Mher Qriqoryan

“1970-ci illərə aid sovet hərbi xəritələri Azərbaycanla sərhədin çəkilməsində tək texniki plan deyil”.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bunu oktyabrın 21-də Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsi üzvləri ilə görüşdə bildirib.

O, Ermənistanla Azərbaycan sərhədlərinin delimitasiyasına aid sazişin ölkə parlamentində gözlənilən ratifikasiyası ərəfəsində bu fikirləri söyləyib. Qriqoryan hökumətin məsələyə baxışındakı dəyişikliyi açıqlayıb.

Xatırladaq ki, bu yaxınlaradək Ermənistan hökuməti sərhədin delimitasiya və demarkasiya prosesində həmin xəritələrə əsaslanmağa təkid edib. Sözügedən xəritələrə istinad Azərbaycanın 2021 və 2022-ci illərdə sərhəddə hərbi toqquşmalardan sonra Ermənistan ərazisinin bir hissəsinin zəbt edilməsinin sübutu kimi istifadə olunurdu. Rəsmi Bakı Ermənistanın dəstəklədiyi mexanizmi rədd edib.

"Həmin xəritələr bəlli suallara cavab verə bilmir. Düşünürəm ki, delimitasiya prosesində bu xəritələr istifadə oluna biləcək və ediləcək tək qaynaq olmamalıdır", - Qriqoryan əlavə edib.

Baş nazirin müavini vurğulayıb ki, bir xəritəyə istinad etmək indiki və daha sonrakı mərhələlərdə çoxlu riskə yol aça bilər.

İddiasını əsaslandırmaqdan boyun qaçıran Qriqoryan deyib ki, qapalı qapılar ardında hüquqşünaslarla görüşlərdən sonra daha çox təfərrüat verə biləcək.

Avqustun 30-da imzalanmış saziş delimitasiya prosesində Ermənistan və Azərbaycan hökumət komissiyalarının birgə fəaliyyətini tənzimləyən qaydaları əks etdirir. Orada deyilir ki, başqa bir razılaşma olmasa, 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. Həmin bəyannaməyə görə, postsovet respublikaları bir-birinin sovet dönəmindəki sərhədlərini tanıyır. Orada tərəflərin xəritələrdən istifadə edib-etməyəcəyi və ediləcəksə, hansı xəritəyə üstünlük verəcəyi açıqlanmır.

Razılaşmada sərhədin öncə hansı hissəsinin və nə vaxt delimitasiya olunacağı da açıqlanmır. Ermənistan müxalifətini təmsil edən deputatların fikrincə, bu, Azərbaycanı Ermənistandan daha çox ərazi güzəşti tələb etməkdən saxlamayacaq. Onların dediyinə görə, rəsmi Bakı yalnız sərhədin özünə sərfəli hissələrində delimitasiyaya razı olacaq.

Sərhəd danışıqlarında Ermənistan nümayəndə heyətinə başçılıq edən Qriqoryan belə qorxuları aradan qaldırmaq üçün söyləyib ki, delimitasiyanın ardıcıllığı konsensus əsasında razılaşdırılacaq.

"Tərəflərin heç biri "gəlin, delimitasiya prosesinə sərhədin bu bölümündə davam edək" deyə bilməz", - Qriqoryan vurğulayıb.

“AzPolitika.info”

Chosen
20
azpolitika.info

1Sources